Yeni Zelandiya Azərbaycan təcrübəsini öyrənməyə maraqlıdır
5 Dekabr 2013 17:18 SiyasətXarici işlər nazirinin müavini Xələf Xələfov Yeni Zelandiyanın baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi elçisi Cim Bolgeri qəbul edib. "OLAYLAR" -ın XİN-ə istinadən verdiyi xəbərə görə, Xələf Xələfov Azərbaycanın Avstraliya və Okeaniya regionu dövlətləri ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edərək, Yeni Zelandiya ilə əlaqələrin daha da artırılması üçün qarşılıqlı siyasi iradənin və geniş potensialın olmasının məmnunluq doğurduğunu bildirmiş və bu xüsusda, iki ölkə arasında müxtəlif səviyyəli qarşılıqlı rəsmi səfərlərin intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. Xələf Xələfov, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsi prosesinə verdiyi əsaslı töhfələri vurğulayıb. Cim Bolger Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi uğurlu təcrübəsinin Yeni Zelandiya üçün maraqlı olduğunu deyib.