ABŞ İraq hökumətindən şiə qruplaşmalarına qarşı addım atmağı tələb edib ÖZƏL
13:33 SiyasətABŞ hakimiyyəti İraqın müvəqqəti baş naziri Əli əz-Zeydi qarşısında yerli şiə silahlı qruplaşmalarına qarşı konkret tədbirlərin görülməsi tələbini irəli sürüb. Olaylar.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al-Monitor" portalı məlumat yayıb. Diplomatların sözlərinə görə, Vaşinqton İraq hökumətinin silahlı qruplarla mübarizədə əldə etdiyi nəticələri iki ölkə arasında əməkdaşlığın davamı üçün əsas şərt hesab edir. Təzyiq vasitəsi kimi ABŞ İraq təhlükəsizlik qüvvələri ilə əməkdaşlığı müvəqqəti dayandırıb, maliyyə dəstəyini kəsib. Həmçinin amerikalı mütəxəssislər tərəfindən İraq hərbçilərinə verilən təlim proqramları da dayandırılıb. Mənbələrdən biri bildirib ki, hazırda İraq dövləti ilə həmin qruplaşmalar arasındakı sərhəd kifayət qədər qeyri-müəyyəndir. Onun sözlərinə görə, ilk addım olaraq "terrorçu silahlı birləşmələrin İraq dövlətinin bir hissəsi olmadığı" açıq şəkildə bəyan edilməlidir. ABŞ hesab edir ki, İraq hökuməti və təhlükəsizlik strukturlarında şiə qruplaşmaları ilə əlaqəli çox sayda şəxs fəaliyyət göstərir. Vaşinqton onların ölkədəki Amerika obyektləri üçün təhlükə yaratdığını vurğulayır.