“Ukrayna çoxsaylı maraqların toqquşduğu məkana çevrilib” - ŞƏRH
Elman Nəsirov: “Vilnüs sammitindən sonrakı dövrdə Ukrayna tarixinin çox mürəkkəb yeni mərhələsini yaşamaqdadır”
5 Dekabr 2013 15:51 SiyasətUkrayna hökumətinin Avropa İttifaqının Assosiativ Sazişini imzalamaqdan imtina etməsi sözün əsil mənasıda ölkədə böyük xaosa səbəb oldu. Yüz minlərlə insan hökumətin Avropaya inteqrasiya yolundan imtina etməsinə etiraz edərək meydanlara axışdı. Ukrayna xalqı da yaxşı başa düşür ki, dövlətin atdığı bu addım Rusiyanın təzyiqi və təsiri ilə həyata keçirilib. Ukraynada baş verən prosesləri siyasi elmlər doktoru, politoloq Elman Nəsirov "OLAYLAR"a şərh edib.
Elman Nəsirovun sözlərinə görə, noyabr ayının 28 və 29-da Vilnüsdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində keçirilən sammit bu gün özünün siyasi rezonanslarını daha çox göstərməkdədir. "Məsələ ondadır ki, sammitdə Ukraynanın Avropa ittifaqı ilə Assosiativ Saziş və Azad Ticarət Zonası ilə bağlı sənədlərə imza atacağı ilə bağlı ümidlər hələ də vardı. Baxmayaraq ki, hələ noyabr ayının 21-də yəni sammitin başlamasına az müddət qalmış Ukraynanın baş naziri Azarov bəyanatla çıxış etmişdi ki, Ukrayna belə bir sənədlərə imza atmayacaq. Amma son anadək ümidlər vardı ki, müəyyən təsirlər öz effektini verə bilər, xüsusilə də nəzərə alsaq ki, Almaniyanın kansleri Angela Merkellə bu məsələ ilə bağlı ciddi söhbətlər aparılmışdı. Amma belə məlum oldu ki, Ukraynaya olan təzyiqlər, həmçinin Rusiyanın təzyiqi elə güclü effekt doğurub ki, Ukrayna prezidenti həmin sənədlərə imza atmamağa məcbur olub" deyə politoloq öz fikirlərini ifadə edib. Elman Nəsirov bildirib ki, Ukrayna prezidenti özü avropalı həmkarları ilə söhbətində etiraf elədi ki, Rusiya tərəfdən çox güclü və təsirli təzyiqlər olub. Politoloq bildirir ki, hətta Yanukoviç Avropa ölkələrini ittiham etdi ki, onlar lazımi səviyyədə Ukraynaya dəstək vermədilər. Politoloq Elman Nəsirov narıncı inqilabın təkrarlana biləcəyini istisna etmir: "Onsuz da sammit öncəsi gərginləşən proseslər indi də kifayət qədər dramatikdir. Bir çoxları 2004-cü ildə baş vermiş hadisələrin yeni müstəvidə təkrarlanacağını istisna etmirlər". "Bu reallıqlar var və belə olan təqdirdə hesab olunur ki, 2014-cü ildə ən yaxşı halda Ukrayna Avropa İttifaqının sammitində sənədləri imzalaya bilər. Başqa bir versiyaya görə isə 2015-ci ildə Ridaqa keçiriləcək Avropa İttifaqının sammitində başqa bir prezident və başqa bir parlament bu sənədləri imzalayacaq və təsdiqləyəcək. Artıq belə bəyanatlar da səslənməkdədir. Maydanda baş verən hadisələr sankı narıncı inqilabın təkrarlanmasıdır. Timoşenko tərəfdarları, Kliçkonun partiyası, xüsusilə də ölkənin qərb hissəsi inqilabi dəyişikliklərin tərəfdarı kimi çıxış edir və indiki vəziyyətdə prezident Yanukoviçin atdığı addımları səhv addım kimi dəyərləndirir və öz gələcəklərini yalnız Avropa ilə görürlər" deyə Elman Nəsirov öz fikirlərini diqqətə çatdırıb.
Politoloq bəlli bir həqiqəti gizlətmir: "Bu gün Ukraynanın qərb hissəsi Lvov və digər ərazilər öz ticarət əlaqələrini Polşa və digər Avropa İttifaqı ölkələri ilə reallaşdırırlar. Ölkənin şərq hissəsi isə daha çox Rusiya ilə bağlıdır. Faktiki olaraq bu gün Ukrayna Avropaya inteqrasiya məsələlərində iki hissəyə bölünüb: Ölkənin qərb hissəsi inteqrasiyanın tərəfdarı, şərq hissəsi isə onun əleyhdarı kimi çıxış edir və bu da ölkə üçün çox ciddi təhlükədən xəbər verir".
Politoloqun sözlərinə görə, Ukrayna prezidenti Viktor Yanukoviçin Avropaya inteqrasiya məsələsində Avropa İttifaqından əsas tələbi ondan ibarətdir ki, Aİ Assosiativ Sazişin imzalanmasında və Azad Ticarət Zonasının yaradılması ilə bağlı siyasətinə maliyyə dəstəyi göstərsin. Söhbət təxminən ildə 20 milyard avroluq dəstəkdən gedir. Bütövlükdə Ukrayna 10 il ərazində Aİ-dən 160 milyard avro vəsait almaq istəyir.
Elman Nəsirov hesab edir ki, bu vəziyyətdə isə Rusiyanın Ukraynaya müəyyən güzəştlər etməsi ilə bağlı informasiyalar yayılıb və qeyd olunur ki, Rusiya Ukraynaya satdığı qazın hər kubmetri üçün təxminən 260 dollar tələb edəcək. Yəni qazın qiymətini kəskin şəkildə aşağı salıb. Bu reallıqlar fonunda Ukraynanın gələcəyi ilə bağlı fikir söyləmək çox çətindir. Hadisələr çox sürətlə dəyişir. Baş verən hadisələr onu göstərir ki, Vilnüs sammitindən sonrakı dövrdə Ukrayna tarixinin çox mürəkkəb yeni mərhələsini yaşamaqdadır. Hadisələr necə yekunlaşacaq? Yanukoviç yalnız güc faktorunamı istinad edəcək, yoxsa güc faktoru artıq öz rolunu oynaya bilməyəcək? Avropa İttifaqı nə dərəcədə Ukraynaya təzyiqlər edəcək və bunun fonunda Rusiya nə dərəcədə Ukraynanın yanında olacaq? Amma hər halda danılmaz həqiqət ondan ibarətdir ki, sözün həqiqi mənasında Ukrayna bu gün çoxsaylı maraqların toqquşduğu bir məkana çevrilib.
Kiyevdə keçirilən etiraz aksiyaları bu gün də davam etməkdədir. Hadisələr dəqiqəbədəqiqə dəyişir. Bu gün səhər saatlarında da təxminən 200 mitinqçi Qruşevski küçəsində yerləşən hökumət binasının girişini nəzarətə götürüb. Onlar baş nazir Nikolay Azarovun istefasını tələb edirlər. Binanın digər girişini isə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarətə götürüb. Bu gün Nazirlər Kabinetinin iclasının keçirilməsi nəzərdə tutulub.
Fəallar "Bankovaya" küçəsində yerləşən prezident administrasiyasının girişlərini də nəzarətdə saxlamağa davam edir.
Müstəqillik meydanında isə fəalların xalq özünümüdafiə dəstələrinə yazılması davam edir. Artıq 2 min 800 nəfər bu dəstələrə üzv yazılıb. Onlar yüz-yüz ayrılaraq "Berkut" xüsusi təyinatlılarının mümkün hücumuna qarşı hazırlıq keçirlər. Etirazçıların böyük hissəsi yaxınlıqdakı Kiyev meriyasının, Həmkarlar Evinin, Oktyabr Sarayının binalarında, eləcə də meydandakı çadırlarda qalmağa davam edir.
Ukraynada baş verən hadisələr xalqın etiraz səsləridir. Hökumət xalqı nəzərə almadan qərar verib və bu gün bu hadisələrlə üzləşmək məcburiyyətindədir. Bəli, xalq hökumətin qərarından narazı olduğunu açıq şəkildə nümayiş etdirir. Xalqın bu etirazı da prezidenti qismən də olsa geri addım atmağa məcbur edib. Belə ki prezident 2014-cü ildə Avropa İttifaqı ilə Assosativ Sazişin imzalana biləcəyini bildirib. Ukrayna nümayəndə heyəti dekabrında 4-də Avropa İttifaqının rəsmiləri ilə danışıqlar aparmaq üçün Brüsselə səfəri təsdiqlənməyib. Beləcə Ukrayna bir müddət yenə də Rusiyanın diktəsi ilə hərəkət etmək məcburiyyətində qalacaq və Avropaya inteqrasiya yolunda geriyə addım atmış olacaq. Amma yenə də bunu qəti şəkildə söyləmək olmaz.
Sevda Qurbanqızı