Ulu Öndərin dövlətçilik fəlsəfəsi azərbaycançılıq ideologiyasına söykənən strateji xəttdir- ÖZƏL

"Ulu Öndər Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. Onun adı yalnız siyasi iradə ilə deyil, həm də dövlətçilik təfəkkürü, milli ruh, strateji zəka və sabaha olan inamla bağlıdır. Ulu Öndərin dövlətçilik fəlsəfəsi  təkcə idarəetmə modeli deyil, həm də azərbaycançılıq ideologiyasına söykənən strateji xəttdir. Məhz bu fəlsəfə sayəsində Azərbaycan müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və gələcəyə inamla addımladı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib: "Ulu Öndər Heydər Əliyevin tarixi missiyası ölkəmizin müstəqilliyini bərpa etməsi  və  sonrakı dövrdə özünü daha qabarıq şəkildə göstərib. Onun üçün  hər şeydən əziz  xalqı, Vətəni və torpağı idi. Dəfələrlə  özü, ailəsi təhlükəyə məruz qalsa da, bu inam və sevgidən bir an belə çəkinmədi. O, 20 Yanvar faciəsindən sonra dərhal sovet hökumətinin Azərbaycan xalqına qarşı törətdiyi cinayəti pislədi, Kommunist Partiyasını tərk etdi və Azərbaycan xalqı onun simasında yenidən öz liderini gördü. Onun Naxçıvan Muxtar Respublikasında fəaliyyəti isə xüsusi ilə diqqətəlayiq idi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın Ali Məclisinin iclasında rəsmi dövlət bayrağı kimi tanınması tarixi hadisə idi. Milli dövlətçiliyin mürəkkəb böhranı fonunda 1992-ci ilin noyabr ayında yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcək demokratik və suveren inkişafı uğrunda mübarizənin flaqmanına çevrildi.
Fəxrlə demək olar ki, biz Heydər Əliyev irsinin Zəfər mərhələsini yaşayırıq. Prezident, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Azərbaycan müstəqil dövlət olaraq daha da güclənib, dünya miqyasında söz sahibi olan ölkəyə çevrilib. Qarabağ Zəfəri, Böyük Qayıdış, regionun lider dövləti kimi irəli sürülən qlobal təşəbbüslər bir daha göstərir ki, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün yeni mərhələyə qədəm qoyub. Bu, Zəfər mərhələsidir. Ulu Öndər Heydər Əliyev irsi Azərbaycan xalqı üçün dövlətçilik məktəbi, inkişaf modeli və sabitliyin rəmzidir. Onun mirası təkcə tarix deyil, həm də gələcəyə uzanan yol xəritəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31