Azərbaycanın beynəlxalq siyasi nüfuzu artıb- ÖZƏL
8 May 10:45 Siyasət"Müasir beynəlxalq münasibətlər sistemi sürətli dəyişikliklər, yeni siyasi güc mərkəzlərinin formalaşması və qlobal təhlükəsizlik çağırışlarının artması ilə xarakterizə olunur. Belə bir mərhələdə dövlətlərin beynəlxalq platformalarda iştirakı onların siyasi mövqeyinin və nüfuzunun əsas göstəricilərindən birinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu, YAP Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov deyib: "Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "European Political Community"nin VIII Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq siyasi nüfuzunun artdığını və ölkənin Avropa siyasi məkanında mühüm aktor kimi qəbul olunduğunu göstərir. European Political Community Avropa ölkələrinin siyasi dialoq və əməkdaşlıq üçün bir araya gəldiyi yüksək səviyyəli platformadır. Burada əsas müzakirə mövzuları təhlükəsizlik, enerji və regional sabitlikdir. Belə bir formatda dövlət başçısının çıxışı ölkənin beynəlxalq sistemdəki rolunun artıq daha geniş miqyas aldığını göstərir.
Azərbaycanın bu platformada iştirakı ölkənin müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun nəticəsidir. Bu siyasət milli maraqlara əsaslanır, dövlət suverenliyinin qorunmasına, regional sabitliyə və beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir.
Prezident İlham Əliyevin çıxışında əsas diqqət beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinə yönəlmişdir. Dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu yanaşma ölkənin beynəlxalq arenada prinsipial mövqeyini daha da gücləndirir.
Çıxışda enerji təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirilmişdir. Azərbaycan Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi çıxış edir və bu əməkdaşlıq həm iqtisadi sabitlik, həm də strateji əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda Azərbaycanın nəqliyyat və tranzit imkanlarının genişlənməsi ölkənin geosiyasi mövqeyini daha da gücləndirir. Şərq və Qərbi birləşdirən nəqliyyat dəhlizləri Azərbaycanın beynəlxalq ticarətdə və regional əməkdaşlıqda rolunu artırır.
Cənubi Qafqaz regionunda baş verən yeni geosiyasi proseslər fonunda Azərbaycan sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən əsas dövlətlərdən biri kimi mövqeyini möhkəmləndirmişdir. Bu da ölkənin regional proseslərə təsir imkanlarını daha da genişləndirir.
Ümumilikdə, "European Political Community"nin VIII Zirvə toplantısında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq siyasi nüfuzunun artdığını, ölkənin artıq qlobal siyasi sistemdə nəzərə alınan və təsir edən aktor kimi qəbul olunduğunu göstərir".