Dronlar, təhlükəsizlik və sülh: Umerovun ABŞ səfərinin əsas hədəfləri - ÖZƏL

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov bu həftə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşəcək. Məlumata görə, tərəflərin Mayami şəhərində bir araya gələcəyi gözlənilir. Ukrayna mənbələri Umerovun ABŞ-a səfər etdiyini təsdiqləsə də, səfərin Rusiya ilə danışıqlarla bağlı olub-olmadığı açıqlanmayıb. Bununla belə, rəsmi Kiyevin son günlər diqqəti İran böhranına yönələn sülh prosesini yenidən aktivləşdirməyə çalışdığı hiss olunur.

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlam verib:

" ABŞ-İran-İsrail savaşı, əlbəttə ki, Ukrayna-Rusiya savaşını arxa plana keçirib və əsas diqqət hazırda məhz İranla bağlı problemə yönəlib. Hazırda Amerika və İran arasında da dolayısı ilə müəyyən təmaslar davam edir və tərəflərin bir-birinə təklifləri müzakirə olunur. Rüstəm Umerovun Amerika səfəri, şübhəsiz ki, ilk növbədə Rusiya-Ukrayna arasında danışıqların yenidən canlandırılması ilə bağlı müəyyən təşəbbüslərlə əlaqədardır. Hətta bir müddət öncə Donald Trampın Putinlə danışığında da bu məsələyə toxunulmuşdu və Donald Tramp Putinin İran savaşında vasitəçilik təkliflərindən daha çox Ukrayna ilə problemi həll etməyə yönəlməsini istəmişdi.
Bu baxımdan, səfər həm Rusiya-Ukrayna savaşı ilə bağlı müzakirələrə həsr olunub, eyni zamanda digər məsələlər ətrafında da ABŞ tərəfi ilə danışıqlar aparılacaq. Xüsusilə Ukraynanın təhlükəsizlik zəmanətləri, Zaporojye Atom Elektrik Stansiyasının enerjisinin bölgüsü məsələsi və Donbasda Ukraynanın nəzarətində olan ərazilərlə bağlı məsələlər müzakirə ediləcək. Eyni zamanda düşünürəm ki, bu görüşdə Ukrayna ilə Amerika arasında dron sənayesi və texnologiya mübadiləsi ilə bağlı məsələlər də müzakirə oluna bilər. Yəni bu görüşün yalnız Rusiya-Ukrayna danışıqlarının canlandırılması ilə bağlı olduğunu düşünmürəm. Digər məsələlər də gündəmdə olacaq.
Amma hazırda tərəflərin buna nə qədər hazır olduğu sual altındadır. Açıq görünən odur ki, Rusiya tərəfi bu danışıqlarda çox da maraqlı deyil. Baxmayaraq ki, son dövrlər Ukrayna Rusiyanın ərazilərinə kifayət qədər effektiv zərbələr endirib, strateji hədəflər vurulub və Rusiya iqtisadiyyatı üçün ciddi problemlər yaradılıb. Ukrayna dronları artıq Rusiyanın dərinliklərində, 1500 kilometrə qədər məsafədə yerləşən hədəfləri vurmaq qabiliyyətinə malikdir ki, bu da kifayət qədər ciddidir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31