"OPEC artıq klassik dominantlıqdan parçalanmış idarəetməyə keçir" – ÖZƏL

Körfəzdə davam edən gərginlik fonunda OPEC-in xam neft istehsalı 2026-cı ilin aprelində 20,55 milyon barelə düşərək son 36 ilin ən aşağı səviyyəsinə geriləyib. "Bloomberg"in məlumatına görə, təchizatdakı bu kəskin azalma əsasən İraq və Səudiyyə Ərəbistanının payına düşür. Küveyt isə 1991-ci ildən bəri ilk dəfə neft ixracatını sıfırlayaraq tarixi tənəzzül yaşayıb. Regional böhran fonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hörmüz boğazındakı riskləri əsas gətirərək OPEC+ alyansını tərk etməsi təşkilat daxilindəki qüvvələr nisbətini kökündən dəyişib.

"Hazırkı vəziyyət göstərir ki, Yaxın Şərqdə geosiyasi risklər artıq yalnız regional təhlükəsizlik məsələsi deyil, eyni zamanda qlobal enerji təhlükəsizliyi və dünya iqtisadiyyatı üçün ciddi təhdid mərhələsinə keçib. OPEC üzrə istehsalın son onilliklərin minimumuna enməsi və xüsusilə Küveytin ixracı sıfırlaması bazarda psixoloji təsiri çox gücləndirən amildir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib: "Lakin hesab etmirəm ki, bu proses OPEC-in qlobal neft bazarındakı rolunun tam sonu kimi qiymətləndirilməlidir. Əksinə, bu, təşkilatın klassik dominant istehsalçı modelindən daha çox geosiyasi risklərə bağlı və parçalanmış idarəetmə mərhələsinə keçdiyini göstərir. BƏƏ kimi iri istehsalçının OPEC+ formatından uzaqlaşması isə alyans daxilində koordinasiya imkanlarını zəiflədir və gələcək kvota siyasətini daha mürəkkəb edir. Əvvəllər OPEC bazarda əsasən istehsalı artırıb-azaltmaqla qiymətləri tənzimləyirdi. İndi isə təşkilatın qarşısında əsas problem texniki və siyasi risklərdir. Hörmüz boğazı ətrafında yaranan təhlükə, logistika xərclərinin yüksəlməsi və ixrac marşrutlarının risk altına düşməsi bazarda fiziki çatışmazlıq qorxusunu artırır. Bu səbəbdən qiymətlərə təsir artıq yalnız hasilat həcmi ilə deyil, risk premiumu ilə də formalaşır. Təchizatın bu qədər azalması qlobal neft qiymətlərində kəskin bahalaşma riskini artırır. Əgər gərginlik uzun müddət davam edərsə, Brent markalı neftin qiymətinin psixoloji hədd hesab olunan 120-150 dollar diapazonuna yaxınlaşması mümkündür. Xüsusilə Küveyt kimi sabit ixracatçı ölkənin bazardan çıxması investorların risk gözləntilərini daha da yüksəldəcək. Bu isə qlobal inflyasiyaya birbaşa təsir göstərəcək. Çünki neft qiymətləri yalnız enerji sektorunu deyil, logistika, istehsal, ərzaq və sənaye məhsullarının maya dəyərini də artırır. ABŞ və Avropada inflyasiyanın yenidən sürətlənməsi mərkəzi bankların faiz endirimi planlarını gecikdirə bilər. Nəticədə dünya iqtisadiyyatında həm bahalaşma, həm də zəif artımın müşahidə olunduğu "staqflyasiya" riski güclənə bilər".

İqtisadçı bildirib ki, digər tərəfdən, bu vəziyyət alternativ enerji və qeyri-OPEC istehsalçıları üçün yeni imkanlar yaradır. ABŞ şist nefti istehsalçıları, Kanada, Braziliya və Norveç kimi ölkələr bazardakı boşluğu qismən doldurmağa çalışacaqlar. Uzunmüddətli perspektivdə isə dünya enerji bazarında OPEC-in payının azalması və daha çox çoxqütblü enerji sisteminin formalaşması ehtimalı yüksəlir. Bununla belə, qısa və orta müddətdə OPEC hələ də bazar üçün kritik oyunçu olaraq qalır. Çünki dünya neft ehtiyatlarının böyük hissəsi yenə də Körfəz ölkələrinin nəzarətindədir və bu regionda baş verən hər hansı siyasi və ya hərbi gərginlik qlobal bazarlara dərhal təsir göstərmək gücünə malikdir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31