"Paşinyan Qərbə, Lukaşenko Rusiyaya güvənir”-politoloq gərginliyin səbəblərini açıqladı ÖZƏL
16:24 SiyasətErmənistan parlamentinin sədri Alen Simonyan Belarus rəhbərliyinə sərt cavab verib. O bildirib ki, Ermənistan heç bir ölkənin "əyalətinə" çevrilməyəcək və öz siyasi kursunu müstəqil şəkildə müəyyən edir. Simonyan həmçinin Belarus rəhbərliyinə "kartof yetişdirməklə məşğul olmağı" tövsiyə edib.
Ermənistan və Belarus arasında gərgin ritorikanın artması regiondakı siyasi münasibətlərə necə təsir göstərə bilər?
Ermənistanın Belarusla münasibətlərdə bu qədər sərt mövqe nümayiş etdirməsinin əsas səbəbi nədir?Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" Ermənistanın Belarusa bu qədər sərt kəskin cavab verməsinin əsas səbəbi daha əvvəllə bizim şahidi olduğumuz hər iki ölkə rəhbərliyi arasındakı problemlərdir. Çünki Nikol Paşinyanın anti Rusiya qərarları, Nikol Paşinyanın Rusiyaya qarşı aldığı o qərarlar, ölkəsini Moskvanın təsirindən çıxarmağa çalışması və bu istiqamətdə kəskin addımlar atması, eyni zamanda qərb meyilli bir siyasət kursu izləməsi əlbəttə ki, Belarusda da xoş qarşılanmır. Çünki Belarusun xarici siyasəti mahiyyət etibarı ilə Rusiya ilə əlaqələrə köklənmiş, bir növ Moskvanın qərarlarından asılı şəkildə davam etməkdədir. Təbii bu, Belarusun Rusiyanın bir əyaləti olduğu anlamına gəlmir və ya Belarusun Rusiyada asılı vəziyyətdə olduğu reallığı da demək deyil. Sadəcə indiki Belarus rəhbərliyi öz dövlətinin maraqlarını, gələcəyini Rusiyaya bağlı görür. Bu da qəbul edilməlidir. Necə ki Paşinyan ölkəsinin gələcəyini Qərblə əlaqələrdə, Qərb mərkəzləri ilə siyasi yaxınlaşmada görürsə, eynisini də Lukaşenko Belarus simasında Rusiyada görür. Təbii hər iki dövlət o qədər də belə deyək də tam təşəkkül tapmış, tam formalaşmış bir siyasi sistemə və yaxud da ki reallığa malik deyillər ki, hər hansı bir tərəfdən asılı olmadan öz xarici siyasətlərini davam etdirsinlər. Yəni postsovet məkanında çox nadir ölkə var ki, xarici siyasətində tam müstəqillik əldə etsin, bütün tərəflərlə münasibətlər qursun, seçim etməsin. Ancaq biz bunu təəssüf ki, Belarus-Ermənistan simasında görə bilmərik. Çünki onların düşdükləri vəziyyətdən asılı olaraq dövlətlərinin xarici imkanları baxımından elə bir şansları yoxdur. Məhz bir tərəfin Qərbə, bir tərəfin Rusiyaya meyilli olması və bu mərkəzlərdən nələrdəsə ümidli olmaları hər ikisi arasında münaqişənin dərinləşməsinə də gətirib çıxarır. Çünki əgər postsovet məkanına Qərb ayaq açarsa, Qərbin təsirləri artarsa, onda Belarusda mümkün bir rejim dəyişikliyi, baxın sadəcə hakimiyyət deyil, ümumiyyətlə rejiminin dəyişməsi ehtimalı artar. Və ya Rusiyanın təsiri artarsa, o halda da Ermənistanda Paşinyan və onun gətirdiyi qərb meyilli rejiminin ayaqda qalması qeyri-mümkün olacaq. Ona görə də bu tərəflər indi bir-birini sevmir, bir-birilərinin xarici siyasət istiqamətləri digərinə xoş gəlmir. O ki qaldı bu tərəflər arasındakı bu kimi atışmaların davam etməsi siyasi münasibətlərə necə təsir göstərə bilər? Əslində region olaraq Cənubi Qafqaza bunun heç bir təsiri olmayacaq. Nəyə görə? Çünki Belarus mahiyyət və miqyas etibarı ilə o qədər böyük dövlət deyil ki, o, nə bilim hansısa sanksiya tətbiq eləsin. Deyək ki, Ermənistana qarşı radikal addım atsın, hər hansı bir formada ona zərbə endirsin və s. Yəni Belarusun belə bir imkanı yoxdur. Eynilə də Ermənistanın gedib Şərqi Avropada Belarusa qarşı həyata keçirə biləcəyi xüsusi bir addım yoxdur. Həmçinin Cənubi Qafqazda Belarusla çox yaxşı münasibətlər qurmuş Azərbaycan reallığı var və Belarusun belə bir imkanı olsa da, bu regional müstəvidə olmayacaq. Çünki o başa düşəcək ki, regionun əsas ölkələrindən biri də onunla yaxşı münasibətlər qurmağı bacarmış Azərbaycandır. Yəni belə bir niyyəti olsa da, bunu sadəcə dövlətlərarası səviyyədə eləyəcək, regional səviyyəyə heç vaxt qaldırmaz. Bu səbəbdən də bu kimi atışmalar sadəcə Belarus və Ermənistan gərginliyidir. Dövlətlərin gücünü, şanslarını nəzərə aldıqda bu sərt çərçivədə də qalacaq. Bundan böyük bir çərçivəyə çıxa bilməz. Bəs bu tip gərginliklər nə vaxta kimi davam eləyə bilər? Yəqin bu ya Belarusda, ya Ermənistanda rejim dəyişikliyi baş verənə qədər davam edəcək. Əgər rejimlər dəyişməsə də, ən azından fiqurlar dəyişənə qədər bu mümkündür ki, bu şəkildə qarşılıqlılar yaşansın. Ən yaxşı halda isə iki tərəfdən biri digər tərəfə böyüklük edər, böyüklük göstərər və münasibətləri normallaşdırmaq üçün jest edər və soyuqluq da aradan qalxar".
Zeynəb Mustafazadə