Ermənistandan sonra Bakı: Kallasın səfəri Avropa Parlamentindəki “buzları” əridəcəkmi? – ÖZƏL
14:45 SiyasətAvropa İttifaqının (Aİ) Ali Nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri Bakı və Brüssel arasında strateji tərəfdaşlığın yeni mərhələsinə keçid kimi qiymətləndirilir. Ermənistandakı sammitdən dərhal sonra baş tutan bu səfər, Avropa Parlamentindəki bəzi dairələrin anti-Azərbaycan kampaniyalarına baxmayaraq, Aİ-nin əsas icraedici qurumlarının Bakı ilə sistemli əməkdaşlıqda maraqlı olduğunu sübut edir.
Münasibətlərin əsas sütunlarını yüksək səviyyəli siyasi dialoq və enerji təhlükəsizliyi təşkil edir.
Bəs Kaya Kallasın səfəri nəyi dəyişir? Bu səfər Aİ-Azərbaycam münasibətlərinə necə təsir edəcək?
"Kaya Kallasın Azərbaycana səfəri bir növ praqmatik xarakter daşıyır. Yəni bu o deməkdir ki, bu gün həm Avropa Parlamenti, həm də Azərbaycan arasında uzun müddətdir davam edən gərgin münasibətlərin yeni mərhələyə keçməsi üçün Kaya Kallas tərəfindən müəyyən addımlar atılır. Onun Ermənistandan birbaşa Azərbaycana gəlməsi də münasibətlərin daha da genişləndirilməsi niyyətindən xəbər verir. Bu münasibətlərin yalnız enerji sahəsində deyil, həm regional, həm də institusional baxımdan inkişaf etdirilməsi nəzərdə tutulur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, son dövrlərdə Avropa Parlamentində Azərbaycana qarşı bir sıra əsassız çıxışlar səsləndirilirdi. Bunun nəticəsində münasibətlərdə müəyyən durğunluq yaranmış, diplomatik baxımdan isə Avropa strukturları ilə münasibətlərdə müəyyən qırılmalar müşahidə olunmuşdu. Ona görə də Kaya Kallasın Azərbaycana səfəri Avropa Parlamenti və ümumilikdə Avropa Birliyi tərəfindən münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu səfər həm strateji, həm regional, həm enerji, nəqliyyat və logistika baxımından əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Eyni zamanda siyasi və diplomatik münasibətlərin də daha sağlam müstəviyə keçməsi məqsədi daşıyır. Bildiyiniz kimi, Azərbaycan bu gün Avropa üçün mühüm qaz təchizatçılarından biridir və xüsusilə Almaniya, Avstriya kimi ölkələr üçün vacib tərəfdaş hesab olunur. Avropa Birliyi Azərbaycanı artıq təkcə neft və qaz ixracatçısı kimi deyil, regionda mühüm aktor kimi qəbul edir. Xüsusilə Cənub Qaz Dəhlizi və digər tranzit layihələri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Kaya Kallasın səfəri də Brüssel ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılması və daha da inkişaf etdirilməsi istiqamətində atılmış addım kimi qiymətləndirilə bilər.
Ekspert qeyd edib ki, bu gün Azərbaycan Avropa üçün yalnız enerji mənbəyi deyil, həm də strateji tərəfdaş rolunu oynayır. Ukrayna-Rusiya müharibəsindən sonra Avropanın alternativ enerji mənbələrinə ehtiyacı daha da artıb. Bu baxımdan Azərbaycan Qara dəniz dəhlizi və digər enerji layihələri vasitəsilə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Avropa Birliyi də Azərbaycanla münasibətlərdə gərginliyin yaranmasını istəmir və bu əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Çünki hazırkı mərhələdə Rusiyadan kənar alternativ enerji mənbələri sırasında Azərbaycan Avropa üçün ən vacib tərəfdaşlardan biri kimi görünür. Kaya Kallasın bu səfəri də məhz həmin münasibətlərin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm siyasi addım kimi yadda qala bilər.
Səidə Ramazanova