Axtaranda “Dağlıq Qarabağ” yox, Qarabağ axtarsınlar - ÖZƏL
14:08 Siyasət"Azərbaycanın regionda formalaşdırdığı reallıq sadəcə Azərbaycanın maraqlarına cavab vermir, bu, bütövlükdə Cənubi Qafqaz dövlətlərinin və xalqlarının marağına cavab verir. Bu baxımdan əldə olunan nəticə və gəlinən mövcud durum erməni xalqı üçün ən məqbul ssenaridir. Erməni xalqından daha çox ermənilik etmək istiqamətində atılan addımlar isə başa düşülən deyil."
Bu fikirləri Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Fransanın Avropa və xarici İşlər naziri Jan Noel Barronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialar tamamilə əsassızdır. Hər şeydən öncə qeyd olunmalıdır ki, Azərbaycan ərazisində və dünyanın heç bir yerində "Dağlıq Qarabağ" kimi inzibati ərazi vahidi mövcud deyil. Odur ki, heç yerdə axtarmasınlar, tapa bilməyəcəklər. Azərbaycanda isə Qarabağ mövcuddur. Əziyyət çəkib Qarabağa səfər etsinlər, dağıdılmış yerlərdə gedən irimiqyaslı işləri görsünlər. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək təmin etmiş dövlətdir.
Azərbaycanın əldə etdiyi Zəfər haqqın və ədalətin təntənəsidir. Bu baxımdan Fransa tərəfi Azərbaycanın əraziləri ilə bağlı hər hansı bir şübhəyə qərq olursa, hər hansı bir pozucu addım atarsa, bu, öz nüfuzuna ləkə vurmaqdır. Çünki bu açıqlamalar regionda əldə edilən nəticələrə vurulan zərbədir, sülh prosesini qaralamaq və ona kölgə salmaq cəhdidir.
Bundan əlavə Azərbaycan öz ərazisində olan məscid və digər dinlərin nümunələrinə qarşı olduqca böyük ehtiramla yanaşır. Bu baxımdan Azərbaycana qara yaxmaq, düşünürəm ki, son dərəcə naşı yanaşmadır. Deməli, bu insanların Azərbaycanla bağlı, regionla bağlı real və həqiqi təsəvvürləri mövcud deyil. Azərbaycan sadəcə öz tarixi və mədəni irsinin qorunması baxımından deyil, dünya xalqlarının milli-mədəni irsinin qorunması baxımından addımlar atan ölkədir.
Bir neçə dəfə Azərbaycan YUNESKO-nu real qiymətləndirmə aparmaq üçün dəvət etsə də, təəssüflər olsun ki, qarşı tərəfdən biz real addımlar görmədik. Çünki buna Fransa və Ermənistan mane olurdu. Odur ki, Fransa nazirinin sərsəm açıqlamaları həqiqi sülh quruculuğuna zərbə vurur."
İbrahim Məmmədli