Ermənistan seçkiləri: Sülh, yoxsa revanş? - ÖZƏL
14:03 Siyasət"Ermənistanda keçiriləcək seçkilərin nəticəsi təkcə seçicilərin siyasi iradəsini deyil, eyni zamanda bölgəmizdə sülh prosesinin taleyini də müəyyən edən əsas amillərdən biri olacaq. Artıq heç kim gizlətmir ki, Nikol Paşinyan yenidən hakimiyyətdə qalacağı təqdirdə Azərbaycan-Ermənistan sülh prosesi indiki tempi ilə davam etdirilə bilər."
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin revanşist və Kremlin təsiri altında olan qüvvələrin hakimiyyətə gəlməsi halında hadisələrin iki əsas ssenari üzrə inkişaf edəcəyi ehtimal olunur. Birinci ssenariyə görə, müəyyən müddət üçün sülh prosesi dondurula bilər və yeni hakimiyyət bu prosesi öz siyasi baxışlarına uyğun şəkildə dəyişməyə çalışar. İkinci ssenari isə daha təhlükəli variant hesab olunur - bu halda Ermənistan sülh prosesindən tamamilə imtina edərək Azərbaycana qarşı revanşist ritorika və siyasəti ön plana çıxara bilər. Hər iki ehtimal seçkilərin nəticəsindən birbaşa asılıdır.
Hazırkı vəziyyətdə isə Paşinyanın irəli sürdüyü sülh gündəliyinin Ermənistan cəmiyyətində müəyyən dəstək qazandığı müşahidə olunur. Çünki Ermənistan cəmiyyəti uzun illər müharibənin ağır nəticələrini yaşayıb, hər ay onlarla ailə cəbhədən gələn itkilərlə üz-üzə qalıb. Azərbaycanla sülh prosesinin başlanmasından, xüsusilə 2024-cü ilin əvvəlindən sonra isə Ermənistanda hərbi itkilərin azalması cəmiyyətdə sülhə marağı artırıb. Bu da Paşinyanın "sülh elektoratı"nın formalaşmasına səbəb olub.
Müxalifət də bu reallığı nəzərə almağa çalışır. Artıq bəzi müxalif qüvvələr Ermənistanın sülh gündəliyinə sadiq qalacaqlarını bəyan edir, hətta Azərbaycanla danışıqların davam etdirilməsinin vacibliyini vurğulayırlar. Bu qüvvələr arasında Kremlin təsiri altında olduğu iddia edilən siyasi dairələr də mövcuddur. Lakin onların sülh mesajları daha çox siyasi taktika kimi qiymətləndirilir. Məqsəd həm revanşist elektoratın dəstəyini qorumaq, həm də Paşinyanın formalaşdırdığı sülh elektoratından pay almaqdır.
Buna baxmayaraq, Paşinyanın seçkidə məğlub olması halında bölgədə sülh prosesinin ciddi risk altına düşəcəyi ehtimalı yüksək olaraq qalır. Çünki belə vəziyyətdə Ermənistanın yeni hakimiyyəti Azərbaycanla münasibətləri ölkənin milli maraqları çərçivəsində deyil, daha çox Kremlin siyasi xəttinə uyğun şəkildə formalaşdırmağa çalışa bilər.
Bu səbəbdən Ermənistanda keçiriləcək seçkilərə yalnız hakimiyyət uğrunda siyasi mübarizə kimi deyil, bütövlükdə regionda sülh və sabitliyin gələcəyini müəyyən edəcək mühüm proses kimi yanaşmaq lazımdır."
İbrahim Məmmədli