İtaliya Azərbaycanın neft və qaz ixracında əsas tərəfdaşlarından biridir- ÖZƏL

"İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloninin mayın 4-də Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki ölkə arasında əlaqələrin yüksək dinamika ilə və çoxşaxəli istiqamətlər üzrə genişləndiyini nümayiş etdirir. Strateji tərəfdaşlıq çərçivəsində inkişaf edən əlaqələr siyasi dialoqdan tutmuş enerji, iqtisadiyyat, sənaye və təhsil sahələrinə qədər geniş spektri əhatə edir və uzunmüddətli əməkdaşlıq modelinin formalaşdığını təsdiq edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "Azərbaycan ilə İtaliya arasında münasibətlərin hüquqi-siyasi bazası 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq bəyannamələri ilə möhkəmləndirilib. Bu sənədlər iki ölkə arasında əməkdaşlığın istiqamətlərini müəyyən etməklə yanaşı, əlaqələrin daha sistemli və davamlı əsaslar üzərində qurulmasına şərait yaradıb. Hazırda bu çərçivədə formalaşan siyasi dialoq yüksək səviyyəli qarşılıqlı etimadın göstəricisi kimi çıxış edir. Səfər çərçivəsində xüsusi diqqət çəkən məqamlardan biri də Baş nazirin Ermənistanda proqramını başa vurduqdan sonra Azərbaycana gəlməsi olub ki, bu da diplomatik münasibətlərdə siyasi balansın və obyektiv yanaşmanın təzahürü kimi dəyərləndirilir.

İkitərəfli münasibətlərin əsas komponentlərindən biri enerji sahəsində əməkdaşlıqdır. İtaliya Azərbaycanın həm neft, həm də qaz ixracında əsas tərəfdaşlarından biridir və enerji bazarında aparıcı mövqe tutur. Ötən il 25 milyard kubmetr qaz ixracının 9,5 milyard kubmetri İtaliya bazarına yönəlib ki, bu da əməkdaşlığın perspektivlərini təsdiq edir. Bu əməkdaşlıq Cənub Qaz Dəhlizi və həmin layihənin seqmenti olan TAP layihəsi əsasında qurulub. Gələcək mərhələdə bu infrastrukturun genişləndirilməsi enerji təhlükəsizliyinin daha da gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz uzun illər ərzində etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləyirik: "Azərbaycan İtaliyanın neft təchizatında ikinci yerdədir, qaz təchizatında da ikinci yerdədir. Bizim üçün İtaliya bazarı həm neft, həm qaz üzrə birinci dərəcəli əhəmiyyət daşıyır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31