İran öz təhlükəsizliyini qorumaq üçün Çinə səlahiyyətlər verdi- ÖZƏL
13:09 Siyasət"ABŞ və İran arasında 14 maddəlik yeni razılaşma paketi müzakirə olunur. D. Tramp İranın nüvə silahına malik olmayacağı ilə bağlı razılığın əldə edildiyini qeyd edir. İran isə 14 maddəlik təklif paketini Rusiya və Çinlə müzakirə edir. İranın xarici işlər naziri A. Araqçi təkliflər paketinin müzakirəsi üçün ötən həftə Rusiyaya, bu həftə isə Çinə səfər edib. Çin də öz növbəsində İrana dörd bənddən ibarət əlavə təklif paketi təqdim edib.
Tehran tərəfindən qəbul edilən təkliflərdən birinə əsasən, Çinə ABŞ-la danışıqlarda İranın maraqlarını müdafiə etmək üçün daha geniş səlahiyyət verilib". Olaylar xəbər verir ki , bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Bununla da gözlənilən D. Tramp-Si Cinpin görüşü öncəsi İran öz maraqlarının qorunmasında Çinə xüsusi rol həvalə etmiş oldu.
Çinin əlavə dörd təklif irəli sürməsi Pekinin bu münaqişədə geosiyasi mövqeyini gücləndirməklə yanaşı, onun prosesdə arxa plandan ön plana keçdiyini göstərir. Çin bununla İranın ABŞ qarşısında tam güzəştə getməsinə imkan verməyəcəyi mesajını verir. Məhz Pekinin açıq şəkildə prosesə daxil olması Vaşinqtonun Hörmüzdə "Azadlığa Dəstək" əməliyyatı ilə bağlı planlarını təxirə salmasına səbəb olub. ABŞ İran məsələsində yalnız Tehranla deyil, həm də Pekinlə anlaşmaya gəlməli olacaq. Tehran isə açıq şəkildə təhlükəsizliyinin əsas təminatçılarından birinin Çin olduğunu nümayiş etdirir.
ABŞ İran məsələsindən geri çəkilməyəcək və Tehranla müəyyən razılaşmaların əldə olunacağı mümkün ola bilər. Lakin prosesdə Çinin aktiv iştirakı Vaşinqton üçün əlavə strateji çətinlik yaradır. Pekin Vaşinqtonla danışıqlarda Tayvan məsələsini də siyasi bazarlıq predmetinə çevirə bilər.
Bununla belə, ABŞ İran üzərində strateji üstünlük əldə edib. Nə Çin, nə də Rusiya İranı ABŞ-ın təzyiqlərindən tam şəkildə qoruyacaq gücə malikdir. Amma hər iki dövlət prosesdə müəyyən oyun qaydalarını dəyişmək və Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırmaq potensialına sahibdir".