Aİ və Rusiya Ermənistanda rəqib, yoxsa səssiz konsensusda? - ÖZƏL
12:06 Siyasət"Ermənistan və Avropa İttifaqı (Aİ) arasında münasibətləri yalnız Rusiya kontekstindən - Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirmək doğru deyil.
Yerevanda keçirilən Ermənistan-Aİ sammitinə Aİ Komissiyasının prezidenti Ursula von der Leyenin və Fransa prezidenti Emmanuel Makronun qatılması ilə paralel olaraq, Aİ-nin vitse-prezidenti, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Azərbaycana səfəri müəyyən tarazlıq görüntüsü yaratmağa hesablanıb." Bu fikirləri Olaylar.az-a açıqlamasında Siyasi şərhçi Vüqar Dadaşov deyib:"
Ermənistana Aİ və Fransanın hərbi-siyasi dəstəyi çox vaxt Rusiyaya qarşı addım kimi təqdim olunsa da, Ermənistanın istənilən səviyyədə silahlandırılması belə, onun Rusiya ilə real rəqabət imkanlarını dəyişmir.
Fransanın Ermənistanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalaması, müqavilələrin genişlənməsi - hərbi forma təchizatı, helikopterlərlə təminat - Ermənistanın Rusiya təsirindən hərbi güc nümayişi ilə çıxmasında rol oynaya bilməz.
Analizlər göstərir ki, bu siyasətin əsas hədəfi Rusiya yox, regionun sülh nizamının pozulması xəttidir. Əsas hədəfin də Azərbaycan olması aydın görünür. Aİ-nin Azərbaycana qarşı qəbul etdiyi ittihamedici qətnamələr, Qarabağdan çıxmış ermənilərlə bağlı mövqeyi və sərhəddə yerləşdirilmiş müşahidə missiyasının davam edən fəaliyyəti də təsdiqləyir.
Baxmayaraq ki, Ermənistan rəhbərliyi artıq bu məsələlərin bağlandığını bəyan edib. Ermənistana hərbi dəstək Rusiyadan uzaqlaşdırma yox, regionda gərginlik riskini saxlamaq məqsədi daşıyır.
Bu kontekstdə müəyyən məqamlarda Aİ ilə Rusiyanın maraqları üst-üstə düşür. Eyni zamanda, Nikol Paşinyanın Rusiyaya qarşı sərt ritorikası həm daxili sabitliyi qorumağa, həm də mümkün riskləri balanslaşdırmağa xidmət edir.
Ümumilikdə, böyük güclər üçün Ermənistan-Azərbaycan xəttində dayanıqlı sülh maraqlara ziddiyyətlidir. Bu məsələdə də Aİ və Rusiya arasında razılaşma ehtimalı istisna edilmir.
ABŞ və İsrailin İrana qarşı hücumunu Rusiyanın maraqlarını təmin edən şərait kimi nəzərdən kənarda saxlamaq olmaz. Avropanın Ermənistana hərbi yardımı Rusiyaya qarşı ciddi təsir vasitəsi deyil, əksinə, Azərbaycan üçün potensial risk faktorudur ki, Qərbin və Rusiyanın regiona təsiri bərpa olsun, keçmiş Minsk qrupunda ABŞ, Fransa və Rusiya maraqları üst-üstə düşdüyü kimi.
İyunda Ermənistanda keçiriləcək parlament seçkisi isə Rusiya üçün ən ideal şans və nəticəsinə görə vahid moderator imkanıdır."