Strateji tərəfdaşlığın yeni prioritetləri- ÖZƏL
11:02 Siyasət"Azərbaycan-İtaliya münasibətləri son illərdə klassik enerji tərəfdaşlığı çərçivəsini aşaraq daha geniş, çoxşaxəli və institusional xarakter alıb. 2026-cı il mayın 4-də Prezident İlham Əliyev tərəfindən İtaliya Nazirlər Şurasının Sədri Ciorgia Meloninin Bakıya səfəri zamanı səsləndirilən bəyanat bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Sənəd təkcə mövcud vəziyyətin təsviri deyil, həm də gələcək inkişafın siyasi xəritəsi kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib:
"Azərbaycan və İtaliya arasında münasibətlərin strateji əsası 2014 və 2020-ci illərdə imzalanmış sənədlərlə formalaşıb. Xüsusilə 2020-ci ildə Romada qəbul olunmuş çoxölçülü strateji tərəfdaşlıq bəyannaməsi əməkdaşlığın sistemli inkişaf istiqamətlərini müəyyən edib. Bu çərçivə artıq real siyasi və iqtisadi nəticələrlə özünü doğruldur. Dövlət başçısının da vurğuladığı kimi, münasibətlər bu gün ən yüksək səviyyədədir və qarşılıqlı etimad üzərində qurulub. İtaliya Nazirlər Şurasının Sədri Meloninin regiona səfərinin marşrutu xüsusi siyasi məna daşıyır. Onun əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi rəsmi Bakıya verilən diqqətin və hörmətin göstəricisi kimi qiymətləndirilir. Bu detal Azərbaycanın Cənubi Qafqazda artan siyasi çəkisinin və İtaliya üçün prioritet tərəfdaş statusunun göstəricisi kimi çıxış edir".
Pərvin Kərimzadə vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas dayağı olaraq enerji əməkdaşlığı qalmaqdadır. Azərbaycan uzun müddətdir İtaliyanın əsas enerji təminatçılarından biridir və bu sahədə tərəflər etibarlı tərəfdaş kimi çıxış edirlər: "Trans Adriatic Pipeline layihəsi Avropanın enerji təhlükəsizliyi baxımından mühüm rol oynayır. 2025-ci ilin göstəricilərinə görə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəlib. Bu isə İtaliyanı Azərbaycanın əsas qaz alıcılarından birinə çevirir. TAP layihəsinin genişləndirilməsi ilə bağlı aparılan müzakirələr tərəflərin əməkdaşlığı daha da dərinləşdirmək niyyətindən xəbər verir və bu proses Avropanın enerji şaxələndirmə strategiyası ilə üst-üstə düşür. Ticarət-iqtisadi əlaqələr də diqqətəlayiq dinamika nümayiş etdirir. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olaraq qalır və illik ticarət dövriyyəsi təxminən 12 milyard dollar təşkil edir. Bu, münasibətlərin yalnız enerji ixracı ilə məhdudlaşmadığını, geniş iqtisadi bazaya malik olduğunu göstərir. Azərbaycan Dövlət Neft Fondununİtaliya iqtisadiyyatına yatırdığı sərmayə Azərbaycanın artıq kapital ixrac edən ölkəyə çevrildiyini təsdiqləyir".