Bakıdan Afrika istiqaməti: hərbi əməkdaşlıq nə vəd edir? - ÖZƏL
18:14 SiyasətAzərbaycanla Efiopiya arasında müdafiə sahəsində əməkdaşlığa dair sazişin Milli Məclisdə təsdiqlənməsi Bakı üçün Afrikada hərbi-siyasi əlaqələrin genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirilir. İki ölkə indiyədək əsasən diplomatik və beynəlxalq platformalarda, xüsusilə BMT çərçivəsində əməkdaşlıq edirdi.
Efiopiya Afrikanın strateji ölkələrindən biri və Afrika Buynuzu regionunun əsas aktorudur. Bu səbəbdən əməkdaşlığın yalnız ikitərəfli deyil, daha geniş geosiyasi əhəmiyyət daşıdığı bildirilir.
Azərbaycan üçün Afrika, xüsusilə Efiopiya ilə hərbi əməkdaşlığın strateji əhəmiyyəti nədən ibarətdir? Bu saziş Azərbaycanın müdafiə sənayesinin ixrac imkanlarına və beynəlxalq mövqeyinə necə təsir göstərə bilər? Mövzu ilə bağlı hərbi jurnalist Heydər Mirzə Olaylar.az-a açıqlama verib:
" Azərbaycanın oradakı maraqları yalnız iqtisadi xarakter daşıyır və həmin regionda baş verən münaqişələrə biz qarışmırıq. Bizim xarici siyasət maraqlarımız orada minimaldır və əsasən iqtisadi maraqlarla məhdudlaşır. Həmin bölgələr də bizim üçün yeni-yeni açılır. Biz o dərəcədə böyük dövlət deyilik ki, Şimali-şərqi Afrika istiqamətində ciddi güc proyeksiyası həyata keçirək. Amma Azərbaycanla Efiopiya arasında hərbi-texniki sahədə imzalanan müqavilə, mənim bildiyim qədər, yenidir və bu, Azərbaycanın müdafiə sənayesinin bir brend kimi mövcudluğu baxımından vacibdir. Bundan sonra yeni tərəfdaşlar qazanmaq imkanı yaranır. Efiopiyanın qonşuluğunda da inkişaf etməkdə olan ölkələr var ki, onların hərbi sənayesi zəifdir və bir çox məhsulları xaricdən idxal edirlər.
Bilirsiniz ki, dronlar və pilotsuz uçuş aparatları kimi texnologiyalar minimal hərbi sənayesi olan ölkələrin əksəriyyətində ümumiyyətlə istehsal olunmur. Azərbaycanda isə həm istehsal mövcuddur, həm də bu texnologiyalar müharibə şəraitində sınaqdan keçərək effektivliyini sübut edib.
Buna görə də, ilk növbədə bu, Azərbaycanın müdafiə sənayesinin uğuru və biznes baxımından inkişafı kimi qiymətləndirilməlidir. Siyasi tərəfdən isə buna böyük bir məna yükləməzdim. Çünki, qeyd etdiyim kimi, bu region Azərbaycan üçün kifayət qədər uzaqdır".
Zeynəb Mustafazadə