Azərbaycanın Afrika strategiyası: Efiopiya ilə hərbi saziş nə vəd edir? – ÖZƏL

"Azərbaycan Respublikası ilə Efiopiya arasında müdafiə sahəsində əməkdaşlıq sazişinin Milli Məclisdə təsdiqlənməsi Azərbaycanın Afrika istiqamətində strateji açılımının göstəricisidir. Bu addım Azərbaycanın xarici siyasətdə coğrafiyasını genişləndirdiyini nümayiş etdirir." 

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, Efiopiya Afrikanın mühüm dövlətlərindən biri kimi  regionunun əsas aktorudur. Həmçinin Afrika İttifaqının qərargahının bu ölkədə yerləşməsi onun siyasi çəkisini artırır. Bu baxımdan əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də Azərbaycanın Afrika qitəsində mövqelərinin güclənməsi deməkdir.

"Hesab edirəm ki, bu saziş Azərbaycanın müdafiə sənayesi üçün də yeni imkanlar yarada bilər. Yerli hərbi məhsulların ixracı, texniki əməkdaşlıq və yeni bazarlara çıxış baxımından Efiopiya perspektivli tərəfdaş hesab olunur. Eyni zamanda, bu addım Azərbaycanın beynəlxalq nüfuzunu artırır, Birləşmiş Millətlər Təşkilatı kimi platformalarda yeni siyasi tərəfdaşlıqlar üçün əlavə imkanlar yaradır. Düşünürəm ki, bu addımla  Azərbaycan regional çərçivəni aşaraq Afrikada da etibarlı və strateji tərəfdaş kimi mövqeyini gücləndirir", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31