Bakıda 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlıqla bağlı brifinq keçirilir
11:48 SiyasətBakıda "Dayanıqlı İnkişaf üçün Su: 2018-2028" üzrə Beynəlxalq Fəaliyyət Onilliyi çərçivəsində keçiriləcək 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlıqla bağlı brifinq keçirilir.
Trend xəbər verir ki, tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən təşkil olunur.
Brifinqdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İlhom Abdurahmon, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strategiya, beynəlxalq əməkdaşlıq və elm departamentinin rəhbəri Riyad Axundzadə, eləcə də konfransın Katibliyinin nümayəndəsi Təhminə Həsənova çıxış edəcəklər.
Tədbirdə həmçinin Azərbaycanın aidiyyəti dövlət qurumlarının, diplomatik korpusun, ölkədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri, eləcə də media təmsilçiləri iştirak edirlər.
Brifinqin əsas məqsədi iştirakçıları qarşıdan gələn konfransa hazırlıq prosesi barədə məlumatlandırmaq, həmçinin onun əsas prioritetlərini və gözlənilən nəticələrini təqdim etməkdir.
Xüsusi diqqət su ehtiyatlarının davamlı idarə olunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, qlobal su gündəliyi ilə bağlı məlumatlılığın artırılmasına və geniş maraqlı tərəflərin konfransın işində iştirakına cəlb olunmasına yönəldilib.
Xəbər yenilənəcək