Milli Məclis ölkənin xarici siyasət kursunu tamamlayan əsas dayaqlardan biri kimi çıxış edir- ÖZƏL

"Cənab Prezident İlham Əliyev tərəfindən mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbul edilməsi Azərbaycanın beynəlxalq parlament diplomatiyasındakı mövqeyinin sistemli və məqsədyönlü şəkildə gücləndiyini açıq şəkildə göstərir. Bu görüş ölkəmizin qanunverici hakimiyyətinin qlobal əməkdaşlıq platformalarında fəal iştirakının real nəticələrini ortaya qoyur". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Azərbaycan Respublikasının Milli Məclisi son illər beynəlxalq parlament institutları ilə əlaqələrini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Parlamentlərarası dialoq vasitəsilə ölkəmiz həm regional sabitliyin təşviqinə, həm də beynəlxalq hüququn prinsiplərinin müdafiəsinə ardıcıl töhfə verir. Xüsusilə Parlamentlərarası İttifaq çərçivəsində həyata keçirilən əməkdaşlıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqların müdafiəsi və qanunvericilik sahəsində qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu kontekstdə Milli Məclisin rolu yalnız qanun qəbul edən institut olmaqla məhdudlaşmır. Parlament həm də beynəlxalq münasibətlər sistemində siyasi dialoqun mühüm aktoruna çevrilərək ölkənin xarici siyasət kursunu tamamlayan əsas dayaqlardan biri kimi çıxış edir. Aparılan görüş də məhz bu strateji xəttin davamı olaraq Azərbaycanla beynəlxalq parlament təşkilatları arasında qarşılıqlı etimadın və effektiv əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31