Paşinyan hakimiyyəti seçim qarşısında: Qərbə inteqrasiya, yoxsa Rusiyadan asılılıq? – ÖZƏL
17:39 SiyasətAlen Simonyan bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyinə yönəlmiş siyasi müdaxilə cəhdləri var. O, bu prosesin Rusiya ilə münasibətlər fonunda baş verdiyini vurğulayaraq qeyd edib ki, Ermənistanın "quberniya"ya çevrilməsinə və Belarus kimi idarə olunmasına imkan verilməyəcək.
"Alen Simonyanın bu açıqlaması əslində həm daxili siyasətlə bağlıdır, həm də bugünkü Rusiya-Ermənistan münasibətlərinin tam mənzərəsini açıq şəkildə ortaya qoymur. Bu isə onu göstərir ki, hazırda Rusiya ilə Ermənistan arasındakı münasibətlər əvvəlki kimi yüksək səviyyədə deyil. Əgər tərəflər arasında müəyyən qarşıdurma elementləri mövcuddursa, bu, münasibətlərin sağlam olmadığını göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, Ermənistanın son dövrlərdə Avropaya və Qərbə daha çox yaxınlaşması Rusiyanı hərəkətə gətirən əsas amillərdən biridir. Məlumdur ki, Rusiya uzun illər Ermənistanı özünün "forpostu" kimi görüb və bu ölkənin ondan asılılığını qoruyaraq regionda ən yaxın müttəfiqi hesab edib. Lakin son zamanlar, xüsusilə Paşinyan hakimiyyətinin Qərbə yönələn siyasəti və Rusiya ilə münasibətlərin əvvəlki dövrlərlə müqayisədə daha soyuq xarakter alması Moskvanı Ermənistanı itirməmək üçün müəyyən addımlar atmağa vadar edə bilər.
"Alen Simonyanın açıqlamasının mümkün nəticələrinə gəldikdə isə, Ermənistanın Rusiya ilə münasibətlərdə daha da uzaqlaşması ehtimalı artır. Bu münasibətlər tədricən daha soyuq fazaya keçə bilər və bu proses həm siyasi, həm də iqtisadi sahələrdə özünü göstərə bilər. Çünki Ermənistan hazırda regionda öz mövqeyini möhkəmləndirməyə çalışır. Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, eyni zamanda regional iqtisadi layihələrdə iştirak etmək istiqamətində addımlar atır. Bu gün müşahidə edirik ki, Ermənistan Qərblə əməkdaşlıq çərçivəsində müxtəlif layihələrə, o cümlədən TRIPP layihəsinə də razılıq verib. Bütün bunlar onu göstərir ki, Ermənistan əslində balanslı siyasət yürütməyə çalışır - həm Rusiya ilə münasibətləri tam qoparmaq istəmir, həm də Qərblə əlaqələrini genişləndirir. Lakin Rusiyanın mümkün müdaxilələri bu balansı poza və iki ölkə arasında gərginliyi daha da artıraraq münasibətlərin soyumasına səbəb ola bilər. Belə bir ssenaridə Ermənistanın Rusiyadan daha da uzaqlaşması və Qərbə yönəlməsinin güclənməsi ehtimalı yüksəlir. Bu isə regionda yeni mərhələnin başlanmasına, Qərb ölkələri üçün yeni imkanların yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, bu proses Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişafı üçün də yeni qapılar aça bilər. Ermənistanın əsas məqsədi müstəqilliyini qorumaqdır. O, Belarus tipli - yəni Rusiyadan yüksək dərəcədə asılı olan modelə çevrilmək istəmir. Bu səbəbdən də, xüsusilə mümkün siyasi müdaxilələr və seçki proseslərinə təsir ehtimallarını nəzərə alaraq, Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və məsafəli siyasət yürütməyə çalışır. Əgər bu proseslər davam edərsə, Rusiya-Ermənistan münasibətlərində daha dərin soyuqluq yarana və Ermənistanın Qərbə inteqrasiyası daha da sürətlənə bilər", - deyə ekspert vurğulayıb.
Səidə Ramazanova