Enerji əməkdaşlığından strateji ittifaqa: Azərbaycan-İtaliya münasibətlərinin yüksələn xətti- ÖZƏL
16:17 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni mətbuata bəyanatla çıxış edərək iki ölkə arasındakı strateji tərəfdaşlığın yüksək səviyyəsini bir daha təsdiqləyiblər. Görüşdə İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğu vurğulanıb və 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsinin təxminən 12 milyard dollara çatdığı bildirilib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İtaliyanın neft və qaz təchizatında mühüm rol oynayaraq hər iki sahədə ikinci yerdə qərarlaşıb.
İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması Bakının Avropadakı siyasi manevr imkanlarını nə dərəcədə genişləndirir? İki ölkə arasında münasibətlər bundan sonra necə inkişaf edəcək? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" İtaliya baş nazirinin son 14 ildə Azərbaycana ilk səfəri idi və onun özünün də qeyd etdiyi kimi bu səfərin vaxtı çoxdan yetişmişdi və bu, iki tərəf arasında münasibətlərin inkişafının ruhuna uyğun bir səfərdir.
Nəzərə alsaq ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və İtaliyanın enerji təminatında Azərbaycan ikinci yerdədir-həm neft, həm də qaz sahəsində. Bundan başqa, tərəflər arasında, son illərdə xüsusilə də hərbi texniki sahədə əməkdaşlıq genişlənməkdədir. Yəni bütün bunlar göstərir ki, tərəflər arasında sırf rasional praqmatizmə və qarşılıqlı maraqların təmin olunmasına yönəlmiş münasibətlər var.
Azərbaycan-İtaliya münasibətlərinin inkişafı əlbəttə ki, həm İtaliyanın, həm də Azərbaycanın marağındadır. Belə ki, İtaliya Avropanın aparıcı dövlətlərindəndir. Dünyada da yüksək nüfuza sahib bir ölkə kimi İtaliya ilə münasibətlərimizin inkişaf etdirilməsi maraqlarımıza tam şəkildə uyğundur.
Bu səfər bir daha göstərdi ki, Azərbaycan və İtaliya arasında heç bir problem yoxdur. Tərəflər gələcəyə və perspektivə yönəlik viziona malikdirlər və bundan sonrakı dövrdə də münasibətlər inkişaf edəcək. Xüsusilə enerji, logistika, qeyd etdiyiniz kimi texniki sahələrdə, daşımalar məsələlərində və qarşılıqlı investisiyaların qoyulmasında gələcək perspektivdə ciddi addımların atılması gözlənilir.
Ümumilikdə bu səfər əhəmiyyətli bir səfər oldu. Tərəflər bütün məsələləri müzakirə etdilər, gələcək hədəflər müəyyənləşdirildi və bu istiqamətdə addımların da atılacağı düşünülür. Yəni mən bu münasibətlərin inkişafının müsbət məcrada və yüksələn xətlə davam edəcəyini gözləyirəm".
Zeynəb Mustafazadə