Azərbaycan geniş coğrafiyada gündəm formalaşdıran ölkəyə çevrilib- ÖZƏL
15:33 Siyasət"Cənab Prezident İlham Əliyevin mayın 4-də keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər mahiyyət etibarilə Azərbaycanın son illərdə qurduğu yeni geosiyasi xəttin açıq və sistemli təqdimatı kimi qiymətləndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regional və daha geniş coğrafiyada gündəm formalaşdıran ölkəyə çevrilib. Cənab Prezidentin mesajlarında əsas xətt ondan ibarət idi ki, sülh məsələsi konkret addımlar və real nəticələr üzərindən irəliləyir. Ermənistanla münasibətlər kontekstində səsləndirilən fikirlər də məhz bu yanaşmanın davamıdır.
Xüsusilə 2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsi təşəbbüsünün dəstəklənməsi regionda formalaşan yeni siyasi atmosferin göstəricisidir. Bu uzun illər qarşıdurma mühitində olan iki ölkə arasında münasibətlərin fərqli müstəviyə keçdiyini və qarşılıqlı siyasi iradənin mövcudluğunu ortaya qoyur. Bu məqamı cənab Prezident beynəlxalq auditoriyaya çatdıraraq Azərbaycanın sülh gündəliyinin real və dayanıqlı əsaslara söykəndiyini nümayiş etdirdi.
Diqqət çəkən əsas istiqamətlərdən biri də Azərbaycanın birtərəfli humanist addımlarının vurğulanması idi. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yük daşımalarının bərpası və enerji ixracının başlanması kimi addımlar klassik diplomatik ritorikadan fərqli olaraq konkret nəticəyə hesablanmış siyasətin göstəricisidir. Bu yanaşma onu deməyə əsas verir ki, Azərbaycan sülhü həm siyasi, həmdə iqtisadi və funksional əməkdaşlıq platforması kimi qurur.
Eyni zamanda, möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının qərəzli qətnamələri haqqında səsləndirilən fikirlər əslində daha geniş bir problemin, beynəlxalq institutlarda selektiv yanaşmanın mövcudluğunun açıq ifadəsi kimi qiymətləndirilməlidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən son illər ərzində Azərbaycana münasibətdə qəbul edilən sənədlər mahiyyət etibarilə siyasi sifarişlərə və ikili standartlara söykənən yanaşmanı ortaya qoyur. Bu qətnamələrdə regionun reallıqları, post-münaqişə dövrünün həssaslığı və Azərbaycanın üzərinə götürdüyü sülh təşəbbüsləri ya tam şəkildə nəzərə alınmır, ya da məqsədli şəkildə kölgədə saxlanılır. Cənab Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, belə sənədlər nə hüquqi baxımdan hər hansı öhdəlik yaradır, nə də real siyasi proseslərə təsir gücünə malikdir. Əksinə onlar müəyyən dairələrin geosiyasi maraqlarının alətinə çevrilərək beynəlxalq institutların nüfuzuna xələl gətirir. Bu kontekstdə Azərbaycanın mövqeyi açıq və prinsipialdır. Ölkəmiz öz suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönəlmiş istənilən qərəzli yanaşmanı qəbul etmir və bu cür sənədlərin siyasi təzyiq alətinə çevrilməsinə imkan verməyəcək. Bu yanaşma beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirmiş və sözünü açıq deyən güclü dövlət mövqeyidir.
Cənab Prezidentin səsləndirdiyi fikirlərdə kommunikasiya xətləri, Orta Dəhliz və iqtisadi inteqrasiya məsələlərinə xüsusi yer ayrılması isə strateji baxışın davamlılığını göstərir. Bu yanaşma sübut edir ki, Azərbaycan sülh modelini həm təhlükəsizlik prizmasından, həm də iqtisadi bağlılıqlar üzərindən möhkəmləndirmək niyyətindədir. Bu isə region üçün ən dayanıqlı sabitlik formuludur.
Ümumilikdə, hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışının əsas mahiyyəti ondan ibarətdir ki, bugün Azərbaycan öz siyasi xəttini qəbul etdirən və beynəlxalq gündəliyə çevirən dövlətdir. Cənab Prezidentin səsləndirdiyi fikirlər də məhz bu reallığın güclü dövlət iradəsinin, praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun növbəti aydın ifadəsi kimi dəyərləndirilməlidir".