Əli Mustafa: "Azərbaycanın neft məhsullarının Ermənistana ixracı sülhün əsas sütunu olacaq" ÖZƏL

"Avropa Siyasi Birliyinin İrəvanda keçirilən zirvə toplantısı təsadüfi xarakter daşımır. Məlum olduğu kimi, iyun ayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu baxımdan, tədbirin məhz may ayında təşkili daha çox ölkədəki demokratik qüvvələrə dəstək məqsədi daşıyır. Bu kontekstdə Azərbaycan Prezidentinin tədbirdə iştirakı da başa düşüləndir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, prezident çıxışında bir sıra mühüm məqamlara toxunub. Xüsusilə Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində ciddi irəliləyiş əldə olunduğu vurğulanıb. Eyni zamanda iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, yaxın vaxtlarda həm yüklərin daşınması, həm də Azərbaycanın neft məhsullarının Ermənistana ixracı həyata keçiriləcək. Bu yanaşma Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunmasında əsas rol oynadığını göstərir. Eyni zamanda, Ermənistanla əməkdaşlıq və bu ölkədə mövcud siyasi kursa dəstək mesajı da diqqətə çatdırılır. 

"Çıxışda Avropa strukturlarına münasibət də ifadə olunub. Xüsusilə Avropa Parlamentinin son dövrlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrdə yer alan qərəzli məqamlar tənqid edilib. Qeyd olunub ki, bu cür yanaşmalar mövcud müsbət prosesləri dəstəkləmək əvəzinə, əksinə, gərginlik yarada bilər. Bu fikirlərin zirvə toplantısında açıq şəkildə səsləndirilməsi gələcəkdə mümkün manipulyasiyaların qarşısını almağa yönəlib. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqı və ümumilikdə Avropa məkanı ilə əməkdaşlığa sadiq qaldığı vurğulanıb. Ermənistanla və digər xristian dövlətləri ilə münasibətlərin ayrı-seçkilik olmadan inkişaf etdirildiyi qeyd edilib. Bunun fonunda bəzi Avropa ölkələrində müşahidə olunan islamofobiya və ayrı-seçkilik halları tənqid olunaraq, bu cür yanaşmaların qəbuledilməz olduğu bildirilib. Ümumilikdə, bu çıxış Azərbaycanın Avropa Siyasi Birliyi çərçivəsində mövqeyini əks etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilə bilər. Eyni zamanda, Azərbaycanın gələcəkdə bu platforma daxilində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğu, o cümlədən növbəti illərdə bu tip toplantıların ölkədə keçirilməsinə açıq olduğu da ifadə olunub", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31