Bərabərhüquqlu tərəfdaşlıq, açıq dialoq, milli maraqlara əsaslanan prinsipial mövqe- ÖZƏL
13:52 Siyasət"Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi" Zirvə toplantısında videoformatda çıxışı bir neçə mühüm aspektdən xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin ailə,qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib: "Əvvəla, bu çıxış Azərbaycanın qlobal və regional proseslərdə fəal aktor kimi iştirakını bir daha təsdiqləyir. Dövlət başçısının mesajlarının birbaşa Avropa siyasi elitasına ünvanlanması Azərbaycanın diplomatik çevikliyini və dəyişən geosiyasi reallıqlara uyğunlaşmaq qabiliyyətini göstərir. Bu, həm də ölkənin beynəlxalq platformalarda davamlı şəkildə təmsil olunmasının təmin edildiyini sübut edir.
Çıxış zamanı toxunulan əsas məsələlərdən biri enerji təhlükəsizliyi olub. Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir və bu kontekstdə dövlət başçısı ölkənin enerji resurslarının şaxələndirilməsi, yeni marşrutların inkişafı və yaşıl enerji gündəliyi ilə bağlı mühüm mesajlar verib. Bu, Azərbaycanın təkcə ənənəvi enerji ixracatçısı deyil, həm də bərpaolunan enerji sahəsində perspektivli tərəfdaş kimi çıxış etdiyini göstərir.
Digər mühüm istiqamət regional təhlükəsizlik və postmünaqişə dövrü ilə bağlı məsələlərdir. Prezident çıxışında regionda davamlı sülhün təmin olunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın konstruktiv mövqeyini və sülh gündəliyinə sadiqliyini diqqətə çatdırıb. Bu yanaşma ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyinin ardıcıl şəkildə müdafiə olunduğunu göstərir və Avropa tərəfdaşları üçün etibarlı siyasi siqnal rolunu oynayır.
Eyni zamanda, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi məsələsi də çıxışda xüsusi yer tutub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin əsas iştirakçılarından biri kimi Avropa ilə Asiya arasında strateji körpü rolunu daha da gücləndirir. Bu isə Avropa üçün alternativ və təhlükəsiz tədarük zəncirlərinin formalaşdırılmasında ölkəmizin rolunu artırır.
Cənab Prezidentin xüsusilə Avropa İttifaqı və bəzi Qərb dairələrinin Azərbaycana münasibəti ilə bağlı səsləndirdiyi fikirlər ayrıca diqqət çəkir.
Son dövrlərdə Aİ strukturları və ayrı-ayrı Qərb siyasi mərkəzləri tərəfindən Azərbaycana qarşı zaman-zaman qərəzli və selektiv yanaşmaların müşahidə olunduğu məlumdur. Prezident İlham Əliyev çıxışında bu məsələyə praqmatik və prinsipial mövqedən yanaşaraq, münasibətlərin yalnız qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüquq prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayıb. Bu yanaşma təsadüfi deyil - çünki Azərbaycan-Aİ münasibətlərinin rəsmi sənədlərində də tərəfdaşlığın məhz bərabərlik və qarşılıqlı fayda üzərində qurulduğu açıq şəkildə qeyd olunur.
Prezidentin bu istiqamətdə səsləndirdiyi fikirlər bir neçə mühüm mesajı özündə birləşdirir. İlk növbədə, bu, Azərbaycanın xarici siyasətində müstəqil kursun dəyişməz olduğunu göstərir. Yəni ölkə hər hansı təzyiq və ya qərəzli yanaşma fonunda belə, öz milli maraqlarını qorumaq və balanslı siyasət yürütmək iqtidarındadır. Bu, xüsusilə müasir dövrdə - geosiyasi qarşıdurmaların artdığı bir şəraitdə - mühüm strateji üstünlük kimi çıxış edir.
İkinci mühüm məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev tənqidi yanaşmaları qarşıdurma ritorikasına çevirmədən, dialoq və əməkdaşlıq çərçivəsində təqdim edir. Bu isə Azərbaycanın konstruktiv tərəfdaş obrazını gücləndirir. Dövlət başçısı bir tərəfdən qərəzli yanaşmaları açıq şəkildə qeyd edir, digər tərəfdən isə əməkdaşlıq imkanlarının geniş olduğunu vurğulayır. Bu balans diplomatiyanın yüksək səviyyədə aparıldığını göstərir.
Eyni zamanda, çıxışda Azərbaycanın Avropa üçün strateji əhəmiyyətinin dolayı şəkildə xatırladılması da diqqət çəkir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu xüsusilə vurğulanır. Bu gün Avropanın bir sıra ölkələri Azərbaycan qazına ehtiyac duyur və bu əməkdaşlıq qarşılıqlı asılılıq yaradır. Bu kontekstdə Azərbaycanın mövqeyinə qərəzli yanaşmaların uzunmüddətli perspektivdə real siyasi və iqtisadi maraqlarla ziddiyyət təşkil etdiyi mesajı verilir.
Prezidentin çıxışında Qərb dairələrinin bəzi yanaşmalarına münasibət əslində daha geniş bir tendensiyanı - beynəlxalq münasibətlər sistemində ikili standartlara qarşı çıxışı əks etdirir. Azərbaycan bu mövqeyi ilə özünü yalnız regional deyil, həm də prinsipial qlobal aktor kimi təqdim edir. Bu isə ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edən mühüm amildir.
Prezident İlham Əliyevin Ermənistanda keçirilən Zirvə toplantısında videoformatda çıxışı təkcə cari siyasi mesajların ötürülməsi deyil, həm də strateji kommunikasiya aktıdır. Burada enerji, nəqliyyat, təhlükəsizlik və sülh gündəliyi ilə yanaşı, Azərbaycanın müstəqil və suveren siyasətinin müdafiəsi və ədalətli beynəlxalq münasibətlər modelinə çağırış əsas xətt kimi çıxış edir. Bu çıxışı Azərbaycanın Avropa ilə münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirir: bərabərhüquqlu tərəfdaşlıq, açıq dialoq və milli maraqlara əsaslanan prinsipial mövqe! Bu isə ölkənin həm regional, həm də qlobal siyasi arxitekturada rolunun daha da gücləndiyinin mühüm siyasi göstəricisidir".