Azərbaycan “tarazlı platforma” prinsipini irəli sürüb- ÖZƏL

"Prezident İlham Əliyevin "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı, təkcə cari diplomatik vəziyyətin təsviri deyil, həm də Cənubi Qafqazda formalaşan yeni siyasi-iqtisadi arxitekturanın konseptual çərçivəsini ortaya qoyur. Çıxışda həm regional sülh prosesinin real nəticələri, həm də beynəlxalq institutların bu prosesə münasibətdə sərgilədiyi fərqli yanaşmalar aydın şəkildə ifadə olunub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Ən diqqətçəkən məqamlardan biri Ermənistanın 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt, formal diplomatik jestdən daha çox, post-münaqişə dövründə qarşılıqlı etimadın formalaşmasının ilkin əlaməti kimi qiymətləndirilməlidir. Xüsusilə nəzərə alsaq ki, tərəflər cəmi doqquz aydır sülh şəraitindədirlər, belə bir dəstək regionda münasibətlərin normallaşması istiqamətində mühüm psixoloji və siyasi dönüş nöqtəsi hesab oluna bilər. Bu yanaşma, həm də Azərbaycanın irəli sürdüyü "tarazlı platforma" prinsipinin qəbul edildiyini göstərir. Sülh prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığı, konkret iqtisadi nəticələrlə müşayiət olunduğu da çıxışda xüsusi vurğulandı. Azərbaycanın birtərəfli qaydada Ermənistan üçün tranzit məhdudiyyətlərini aradan qaldırması və qısa müddətdə 28 min ton yük daşınmasının təmin edilməsi, regionda iqtisadi inteqrasiyanın real əsaslarının formalaşdığını göstərir. Daha diqqətçəkən məqam isə Azərbaycanın ilk dəfə olaraq Ermənistana neft məhsulları ixrac etməsidir. Bu addım klassik rəqib ölkələr arasında iqtisadi əməkdaşlığın başlanğıcı kimi deyil, daha çox qarşılıqlı asılılıq üzərindən sabitliyin möhkəmləndirilməsi strategiyası kimi qiymətləndirilməlidir. Bu kontekstdə "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" kimi təqdim olunan nəqliyyat təşəbbüsü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirəcək bu marşrut, eyni zamanda Orta Dəhlizin tərkib hissəsi kimi Avrasiya nəqliyyat xəritəsində yeni dinamika yaradır. Layihə yalnız regional deyil, qlobal logistika baxımından da strateji əhəmiyyətə malikdir. Ermənistan üçün isə bu, uzun illər davam edən iqtisadi izolyasiyadan çıxış imkanı deməkdir. Beləliklə, sülh prosesi ilk dəfə olaraq "dividend" gətirən mexanizmə çevrilir. Bununla yanaşı, çıxışda Avropa institutlarına münasibətdə sərgilənən fərqli yanaşmalar diqqəti cəlb edir. Avropa Komissiyasının konstruktiv mövqeyi xüsusi qeyd olunsa da, Avropa Parlamenti və AŞPA-nın fəaliyyətinə kəskin tənqidi münasibət bildirildi. Azərbaycanın arqumenti ondan ibarətdir ki, bu qurumlar regiondakı reallıqları nəzərə almaq əvəzinə, siyasi qərəz və ikili standartlar əsasında qərarlar qəbul edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31