Makronun fikirləri Prezident İlham Əliyevin irəli sürdüyü tezislərin etirafı sayılmalıdır- ÖZƏL
12:31 Siyasət"Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi Birliyinin 8-ci Sammiti çərçivəsində həm regional geosiyasət, həm də qlobal təhlükəsizlik məsələlərini əhatə edən çıxışında Bakıda həbsdə olan keçmiş qondarma rejimin nümayəndələrinin və terrorçuluqda ittiham olunan şəxslərin "azad edilməsi" məsələsinin qismində Azərbaycan əleyhinə bəzi fikirləri ehtiva edən Ermənistanın xarici siyasət kursu ilə bağlı bəyanatları əslində illər öncə Prezident İlham Əliyevin irəli sürdüyü tezislərin etirafı sayılmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib: "Xüsusən Makron Ermənistanın xarici siyasətindəki dəyişikliyə yönəli bəyanatı ilə əslində məhz zamanında Bakının baxış bucağının regional təhlükəsizlik üçün düzgün yol xəritəsi olduğunu, Parisin isə yanlış xətt tutduğunu qəbullanmış oldu. Məlumdur ki, onilliklər boyu Fransa İrəvanı Cənubi Qafqazın yeganə müstəqil gücü kimi təbliğ və təqdim etməyə cəhd göstərir, Ermənistanın forpost olması və məhz kənar maraqların alətinə çevrilməsi barədə Bakıdan səslənən bəyanatların inkarına çalışırdı. Lakin bu gün Makronun elə İrəvandan verdiyi bəyanatda "onilliklər ərzində Ermənistanın Rusiyanın bir növ "peyki" olması, indi isə İrəvanın bu asılılıqdan qurtulmaq və Avropaya üz tutmaq yolunu seçməsini bildirməsi" başqa cür izah oluna bilməz.
Bundan başqa, Paşinyan özü də Praqa prosesinə istinad etməklə Makronun bəyanatları, daha doğrusu, Azərbaycanın tezislərinin doğru yanaşma olduğunu qəbul etdiyini göstərmiş oldu ki, bu da Azərbaycanın tam mənada daha bir konseptual diplomatik zəfəri sayıla bilər. Belə ki, Paşinyan 2022-ci ilin oktyabrında Praqada əsası qoyulan prinsiplərin bu günə qədər gəlib çıxan sülh prosesinin təməli olduğunu xatırladıb. Baxmayaraq ki Fransa tərəfi və sonradan İrəvanda ayrı-ayrı dairələr Praqa prosesinin pozulmasına yönəli çoxsaylı cəhdlər etmişdi. Lakin məhz Azərbaycan Prezidentinin qətiyyəti, xüsusən antiterror tədbirlərindən sonrakı periodda yaranan reallıq situasiyanı dəyişdi.
Beləliklə, Ermənistan Baş naziri artıq sülhün institusionallaşdırılması üçün Azərbaycanla sıx əməkdaşlıq etdiklərini və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını, dolayısı ilə Praqa bəyanatına sadiqliyin əsas şərt olduğunu və məhz bu prosesin davamı kimi hətta 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti sammitlərindən biri Bakıda keçirilərsə, oraya şəxsən getməyi planlaşdırdığını deməklə yeni mövqeyində səmimi olduğunu göstərməyə çalışıb"