Aİ-nin hərbi müstəqillik planları: Cənubi Qafqaz üçün risk, yoxsa zəmanət? – ÖZƏL

Avropa Komissiyası İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitində hərbi məsələlərin müzakirə olunacağını təsdiqləyib. Komissiya prezidenti Ursula fon der Leyen bildirib ki, enerji böhranından sonra əsas mövzulardan biri müdafiə sahəsi olacaq. O, Aİ-nin hərbi təchizat sistemini gücləndirmək və təhlükəsizlikdə daha müstəqil olmaq niyyətində olduğunu vurğulayıb.

Maraqlıdır, Avropa Siyasi Birliyi sammitinin məhz Ermənistanın paytaxtı İrəvanda keçirilməsi region üçün hansı siyasi mesajları verir? Aİ-nin hərbi müstəqillik planları Cənubi Qafqazda, xüsusilə Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir göstərə bilər? 

"Avropa İttifaqının müdafiə və hərbi məsələlərinin Avropa Siyasi Birliyinin səkkizinci zirvə toplantısında müzakirə edilməsinin tədbirin İrəvanda keçirilməsi ilə birbaşa əlaqəsi yoxdur. Hesab edirəm ki, bu, yeni dövrün reallıqları ilə bağlıdır. Xüsusilə Rusiyanın Ukraynaya müdaxiləsi fonunda, həmçinin Yaxın Şərqdə ABŞ və İsrail ilə İran arasında baş verən qarşıdurmalar kontekstində, eləcə də nəzərə alsaq ki, son illər Donald Tramp tərəfindən Avropa ölkələrindən hərbi xərclərin artırılması ilə bağlı tələblər artıq sadəcə tələb deyil, müəyyən mənada təhdid xarakteri almağa başlayıb - bütün bunlar Avropanın təhlükəsizlik məsələlərinə yanaşmasını dəyişib".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu baxımdan Avropa ölkələrinin, Avropa məkanı üçün mühüm platforma olan Avropa Siyasi Birliyi çərçivəsində keçirilən səkkizinci zirvə toplantısında müdafiə və təhlükəsizlik məsələlərini müzakirəyə çıxarması həm məntiqlidir, həm də günün tələbidir. Amma heç şübhəsiz ki, bu toplantının İrəvan şəhərində keçirilməsi təkcə Ermənistanın deyil, bütövlükdə Cənubi Qafqazın təhlükəsizlik məsələlərinin də Avropa İttifaqı kontekstində önəmini artırır. Yeri gəlmişkən, bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan bu toplantıda birbaşa iştirak etməsə də, Azərbaycan dövlət başçısının virtual şəkildə toplantıya qatılması və burada səsləndirdiyi fikirlər mühüm əhəmiyyət daşıyır. Xüsusilə Azərbaycanla Ermənistan arasında artıq doqquz aylıq sülh dövrünün yaşandığının qeyd edilməsi onu deməyə əsas verir ki, Avropa siyasi dairələri də bu virtual iştirak vasitəsilə bir daha əmin oldular: hər iki ölkənin ali siyasi rəhbərliyində sülhə yönəlik iradə mövcuddur. Əgər Ermənistanda fəaliyyət göstərən pozucu qüvvələrin qarşısı vaxtında alınarsa, regionda əldə olunmuş sülh bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasına xidmət edə bilər. Bu isə eyni zamanda Avropa İttifaqı üçün logistika və enerji dəhlizlərinin təhlükəsizliyi baxımından da mühüm zəmanət kimi çıxış edir. Bundan əlavə, həm ikitərəfli əməkdaşlıq formatları, həm də müxtəlif proqramlar çərçivəsində Azərbaycanın, Ermənistanın və Gürcüstanın Avropa İttifaqı ilə əməkdaşlıq etməsi onu deməyə əsas verir ki, Avropa İttifaqının müdafiə və təhlükəsizlik sahəsindəki təşəbbüsləri Cənubi Qafqaz üçün risk mənbəyi deyil, əksinə, təhlükəsizliyə töhfə kimi qiymətləndirilə bilər.

Ekspert qeyd edib ki, digər tərəfdən, bu da faktdır ki, hazırda yenidən gərginləşən beynəlxalq münasibətlər və dəyişən dünya nizamı fonunda Avropanın aparıcı ölkələri, xüsusilə də Fransa kimi dövlətlər regiondan öz geosiyasi maraqları üçün istifadə etməyə çalışırlar. Lakin Cənubi Qafqaz əvvəlki region deyil. Bu gün regionda Azərbaycan kimi güclü və müstəqil siyasət yürüdən dövlət mövcuddur. Eyni zamanda, Ermənistanda da təhlükəsizlik maraqlarını daha çox region ölkələri ilə koordinasiya etməyə meylli olan Nikol Paşinyan hakimiyyəti fəaliyyət göstərir. Bütün bunlar isə onu göstərir ki, Cənubi Qafqazın hərbi qarşıdurma məkanı deyil, daha çox iqtisadi əməkdaşlıq platformasına çevrilməsi üçün real perspektivlər mövcuddur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31