Ulu Öndər ana dilimizə dövlət dili statusu qazandırdı- ÖZƏL
15:58 Siyasət"Ümummilli Lider Heydər Əliyevin ən böyük gücü xalqın ona sonsuz sevgisində idi. O, azərbaycançılıq ideologiyasını dövlət siyasətinin mərkəzinə gətirdi, hələ 1978-ci ildə ana dilimizə dövlət dili statusu qazandırmaqla milli kimliyimizi qorudu. Heydər Əliyev həm də müasir dövlətimizin iqtisadi və siyasi-hüquqi sütunlarını quran memardır". "Olaylar" xəbər verir ki, bunu AMEA-nın Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Solmaz Məhərrəmova bildirib: "Ulu Öndərin fəaliyyətində Laçın rayonunun həmişə xüsusi yeri olub. Heydər Əliyev Laçını Azərbaycanın strateji cəhətdən ən önəmli, çox gözəl guşələrindən biri adlandırırdı.1996-cı ildə laçınlı ziyalılarla keçirdiyi görüşdə mən də iştirak edirdim. Həmin görüşdə Ümummilli Liderimiz laçınlıların mərdliyini, dövlətə sadiqliyini xüsusi qeyd etmişdi. O, həmişə inanırdı ki, biz mütləq doğma torpaqlarımıza qayıdacağıq. Bu gün biz qürurla deyirik: Ulu Öndərin ruhu şaddır! Çünki Onun başladığı yolu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun qüdrəti sayəsində Laçınımız azaddır. Bizim borcumuz Heydər Əliyevin əmanəti olan müstəqil Azərbaycanı qorumaq və daha da ucaltmaqdır".