Ulu Öndər türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindəndir- ÖZƏL

"Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hər zaman böyük ehtiyac olacaq". "Olaylar" xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Şahbaz Muradov bildirib: " "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Ulu Öndər nəinki xalqımızın, həm də bütünlükdə müsəlman aləminin, türk dünyasının ən böyük tarixi şəxsiyyətlərindəndir. Ümummilli Liderimiz Heydər Əliyev hələ sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlarda Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin edib, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb. 1971-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi də Ulu Öndərimizin xalqımız qarşısında böyük xidmətlərindəndir. Heydər Əliyev ilk azərbaycanlı idi ki, SSRİ kimi nəhəng dövlətin rəhbərliyi səviyyəsinə yüksəlib, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə çevrilib. Müstəqilliyimizin ilk illərində Azərbaycan ağır vəziyyətdə olarkən - 1993-cü ilin  iyun ayında xalqımızın təkidli tələbi ilə Ulu Öndər  Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bu tarixi hadisə Azərbaycanı və bütünlükdə xalqımızı fəlakətlərdən xilas etdi. Həmin tarixdən etibarən Azərbaycanın intibahı başlandı. Hazırda ölkəmizdə Heydər Əliyev siyasətinin uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı güclü və qalib dövlətlər sırasına çıxarıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31