Tailand Azərbaycanın mövqeyini dəstəkləyir
5 Dekabr 2013 13:01 SiyasətMilli Məclisin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Görüşdə sədr müavini bildirib ki, Azərbaycan qısa müddətdə bütün sahələrdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilib. Artıq sərmayə yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilən Azərbaycan son on ildə iqtisadiyyatın artım tempinə görə dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir. Azərbaycan-Tailand münasibətlərindən danışan vitse-spiker ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Diqqətə çatdırıb ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard 500 milyon dollara yaxın olub. Dağlıq Qarabağ münaqişəsinə toxunun Valeh Ələsgərov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü qonaqların nəzərinə çatdırıb.
Tailand Krallığı Parlamentinin Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Virun Pünsən də Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. V.Pünsən əlavə edib ki, Tailand Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.