Uşaqların qanunsuz olaraq xaricə aparılması…

"Təqdim olunan qanun layihəsi uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Belə ki, 2002-ci il 7 oktyabr tarixli, həmçinin, 1993-cü il 22 yanvar tarixli "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım haqqında Konvensiya və onun Protokolları" uşaq hüquqlarının və maraqlarının qorunmasında birbaşa effektiv mexanizmlər təmin edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bugünki iclasında komitə sədri Hicran Hüseynova deyib. Deputat qeyd edib ki, MDB dövlətləri arasında uşaqlar üçün alimentin (saxlanma xərclərinin) bir ölkədən digər ölkəyə köçürülməsi və məcburi icra olunması prosedurlarını sadələşdirir: "Valideynlərdən biri başqa dövlətdə yaşadıqda, uşağın saxlanması, tərbiyəsi və valideynlərdən biri ilə ünsiyyət hüququnun təmin edilməsi məsələlərində dövlətlərin birgə hüquqi yardımını təmin edir.

Uşaqların qanunsuz olaraq xaricə aparılması və ya saxlanılması hallarında onların hüquqi statusunun müəyyən edilməsi və geri qaytarılması prosedurlarını tənzimləyir. Uşaqlara qarşı cinayətlər və ya uşaqların törətdiyi cinayətlər üzrə proseslərdə dövlətlərarası məlumat mübadiləsi və hüquqi yardım göstərilməsini asanlaşdırır.

Xüsusi ilə 6-cı maddənin 1-ci abzasına edilən əlavə uşaqların maraqlarının maksimum dərəcədə nəzərə alınmasını və hüquqi yardımın sürətli icrasını hədəfləyir. Burada əsas məqsəd Konvensiyanın iştirakçı dövlətlərində uşaqlara görə alimentin tutulmasına dair məhkəmə əmirlərinin tanınması və onların icrasıdır. Olduqca vacib məsələdir. Bizə çoxlu müraciətlər olur. Və biz görürük ki, belə vəziyyətlərdə uşaqlar təkcə sosial cəhətdən deyil, həm də mənəvi-psixoloji cəhətdən də çətinlik çəkirlər. Valideynlər bütün hallarda uşaqların layiqli həyat yaşaması üçün öz vəzifə və öhdəliklərini yerinə yetirməlidirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31