Deputat: Sənəddə əksini tapan məqamlar tamamilə absurddur - ÖZƏL

Sənəddə əksini tapan məqamlar tamamilə absurddur-Deputat-Özəl 

"Sənədin təhlili göstərir ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli və təxribat xarakterli fəaliyyəti artıq sistemli və ardıcıl xarakter alıb". Olaylar xəbər verir ki ,bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Görünən odur ki, onların bu təxribatlardan əl çəkmək niyyəti yoxdur. Bütün cəhdlərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını azad etməsi və müstəqil siyasət yürütməsi bu dairələri ciddi narahat edir. Məgər vaxtilə bizə "Siz işğalla barışmalısınız", "Siz müharibə edə bilməzsiniz" deyənlər onlar deyildimi? Görünür, xülyalarının puç olması ilə barışa bilmir, bu yolla qisas almağa çalışırlar. Lakin onla bilməlidirlər ki, bu, yanlış yoldur. Bu cür "kağız parçaları" Azərbaycanın həyata keçirdiyi prinsipial və qətiyyətli dövlət siyasətinə əsla təsir göstərə bilməz.

Çox ziddiyyətli bir vəziyyət yaranıb. Hazırda Azərbaycan və Ermənistan münasibətlərin normallaşması istiqamətində ciddi addımlar atır, qarşılıqlı təmaslar qurulur. Bu yaxınlarda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Ermənistana səfəri buna bariz nümunədir. Hesab edirəm ki, sözügedən sənədin məhz bu proseslərlə eyni vaxta təsadüf etməsi təsadüfi deyil. Bu məqamda Azərbaycan xalqının məşhur bir atalar sözü yada düşür.

Sənəddə əksini tapan məqamlar tamamilə absurddur. Məgər onlar bilmirlər ki, erməniləri Qarabağdan heç kim çıxarmayıb? Əksinə, Azərbaycan tərəfi reinteqrasiya ilə bağlı dəfələrlə müraciət etdi, lakin onlar kənar təxribatlara uyaraq bölgəni öz istəkləri ilə tərk etdilər. Bununla bağlı kifayət qədər təkzibolunmaz faktlar mövcuddur.

Sual yaranır: 30 ilə yaxın müddətdə ermənilər 10 min kvadratkilometr ərazini vəhşicəsinə dağıdanda, məscidlərimizdə heyvan saxlayanda, pravoslav kilsələrini və alban abidələrini məhv edəndə bu qurumlar harada idi? Qəbirlərimizi dağıdıb yerində səngərlər qazanda niyə səslərini çıxarmırdılar? Bu gün də insanlarımız doğmalarının məzarlarını tapmaqda çətinlik çəkirlər. Avropa Parlamenti bu vəhşiliklərlə bağlı bircə dəfə də olsun qətnamə qəbul etdimi?

Azərbaycan isə azad olunmuş ərazilərdə məscidlərlə yanaşı, erməni və alban kilsələrini də bərpa və təmir edir. Bu saxta sənədi qəbul edənlər anlamalıdırlar ki, köhnə münaqişəni alovlandırmaq məqsədi daşıyan bu addımların dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur.

Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Heç bir kənar müdaxilə xalqımızın iradəsinə və Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasətinə təsir edə bilməz. Əbəs yerə əziyyət çəkməsinlər!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31