İdmanımızın Tirana zəfəri: səbəbləri, əhəmiyyəti və gələcək fəaliyyətin sarsılmaz prinsipləri- ÖZƏL
10:52 Siyasət
Albaniyanın paytaxtı Tiranada keçirilmiş yunan-Roma güləşi və sərbəst güləş üzrə Avropa çempionatında Azərbaycan milli komandasının komanda hesabında Avropa çempionu olması idmançıların və məşqçilərin millətimizdə qürur hissi yaradan, vətənpərvərliyi yüksəldən ictimai, mənəvi-psixoloji hadisə olmaqla yanaşı, təkcə idman hadisəsi də deyildir. İdman həm də "yumşaq güc" vasitələrindən biri olduğundan qazanılan qələbə geniş mənada böyük siyasi əhəmiyyət daşıyır.
Qələbənin səbəbləri
Avropa dövlətlərinin idmançılarını, deməli, həmin ölkələri geridə qoyan qələbənin səbəbləri hansılardır? Səbəbləri cənab Prezidentimiz İlham Əliyev Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən dedi.
Birincisi, ölkəmizdə güləş idmanının zəngin ənənələri vardır. Zaman-zaman idmançılarımız yarışlarda ən yüksək kürsülərdə yer tutublar. Müstəqillik illərində himnimizin səsləndirilməsi və bayrağımızın ucaldılması millətimizdə fəxarət hissi yaradıb.
İkincisi, məlumdur ki, bütün digər sahələrdə olduğu kimi idmanın da inkişafına qayğı göstərilməyəndə geriyə gedir, ənənələr də aşınır. Qazanılan qələbə cənab Prezidentimiz İlham Əliyevin ölkəmizdə cəmiyyətimizin bir hissəsinə çevrilmiş idmana xüsusi dövlət qayğısının bilavasitə nəticəsidir. Hamı yaxşı bilir ki, həm də Milli Olimpiya Komitəsinin sədri olan dövlət başçımızın göstərişləri ilə idmanın inkişafından ötrü ölkəmizin bütün rayonlarında Olimpiya idman kompleksləri inşa edilib. İdmana göstərilən qayğı nəticəsində ölkəmizdə olan güləş ənənələri də davam etdirilir.
Üçüncüsü, qələbəni şərtləndirən başlıca amillərdən biri dövlət başçımızın bütün fəaliyyətində ana xətti təşkil edən ədalətə və düzgün seçimə ciddi riayət edilməsidir. Ədalətli yanaşma olanda və seçim düzgün ediləndə işlər də uğurla gedir. Görüşdə dövlət başçımızın dediyi aşağıdakı fikir təkcə indiki deyil, bütün gələcək fəaliyyətdə sarsılmaz prinsipdir: "... tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur."
Nəhayət, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, MDB Oyunları və b. yüksək səviyyədə keçirilib. Təksə Bakıda deyil, bölgələrdə də təşkil edilən beynəlxalq səviyyəli oyunlar Azərbaycanın böyük imkanlarının və potensialının olduğunu göstərir. Bir sıra ölkələr Azərbaycan təcrübəsini öyrənirlər.
Qələbənin əhəmiyyəti və gələcək uğurların
sarsılmaz prinsipi
Görüşdə cənab Prezidentimiz qazanılan qələbənin əhəmiyyətini də vurğuladı. Hər bir yarışda qazanılan qələbədən sonra himnimizin səsləndirilməsi və dövlət bayrağımızın ucaldılması bütün millətimizdə qürur hissi yaradır, vətənpərvərliyi gücləndirir.
Dövlət başçımız gələcək fəaliyyətin təməl prinsiplərini də söylədi: "...indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək."
Ölkə başçısının qalib idmançıları qəbul etməsi onlara ruh verir, idmanda varisliyi təmin edir və ardıcıllarının qırılmaz surətdə gəlməsinə imkan verir.
İdmançılarımızın yarış meydanında və cəmiyyətdə
davranışlarının düsturu
Dövlət başçımız idmançıların şəxsi həyatlarında da necə davranmalarının düsturunu verdi: "Medallardan heç də az əhəmiyyətli olmayan odur ki, çempionlar və mükafatçılar, həmçinin cəmiyyətdə və çalışdıqları kollektivlərdə yüksək mənəvi keyfiyyətlər nümayiş etdirsinlər. Bu belə də olmalıdır."
Azərbaycan idmançılarının həm mübarizə meydanında, həm də ondan kənarda özlərini necə ləyaqətli apardıqlarını da cənab Prezidentimiz xüsusi vurğuladı. Bildirdi: "...hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur - biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir."
Dövlət başçısının aşağıdakı tövsiyəsi xüsusi ilə əhəmiyyətlidir: "...harada olmağınızdan asılı olmayaraq, - xalça üzərində və xalçadan kənarda, - layiqli davranış prinsiplərinə daim sadiq qalmağa davam edəcəksiniz. Bu, ölkəmizi təmsil edən bütün idmançılara aiddir."
Azərbaycan siyasətdə, diplomatiyada olduğu kimi, idmanda da ləyaqətli, örnək olan ölkədir. Öyrənmək isə heç bir zaman gec deyildir...
Musa Qasımlı
Milli Məclis sədrinin müavini