Tarix üzərindən siyasi gərginlik: İddialar tarixçilər tərəfindən araşdırılmalıdır- ÖZƏL

Türkiyə Xarici İşlər Nazirliyi Vladimir Putin tərəfindən qondarma "erməni soyqırımı"nın 111-ci ildönümü ilə bağlı tədbir iştirakçılarına ünvanlanan müraciətə reaksiya verib. Rəsmi açıqlamada bildirilib ki, Cənubi Qafqazda formalaşan sülh və əməkdaşlıq mühiti tarixi məsələlər üzərindən düşmənçilik yaratmaq cəhdlərinə ən tutarlı cavabdır.
Nazirlik vurğulayıb ki, 1915-ci il hadisələrinin siyasiləşdirilməməsi ilə bağlı tərəflərin mövqeyi aydındır, lakin bəzi üçüncü ölkə siyasətçiləri bu mövzudan dar siyasi məqsədlərlə istifadə edir. Türkiyə arxivlərini açdığını və Birgə Tarix Komissiyasının yaradılması təklifinin qüvvədə qaldığını bir daha bəyan edib. Rəsmi Ankara üçüncü tərəfləri konstruktiv dialoqu dəstəkləməyə çağırıb.

Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Prinsip etibarilə, Türkiyə illərdir ki, "erməni soyqırımı" məsələsinə baxılması üçün kifayət qədər şəffaf mühit yaradır və açıq şəkildə bildirir ki, Ermənistan, Türkiyə və bu məsələdə maraqlı olan bütün ölkələr öz arxiv sənədlərini aça bilər və məsələ tarixçilər tərəfindən müzakirə edilə bilər.
Belə olduğu təqdirdə isə, Ermənistanın israrla eyni mövqeni müdafiə etməsi və məsələnin dünya ictimaiyyətinin də bu "erməni soyqırımı" məsələsinə fokuslanması riyakarlıqdan başqa bir şey deyil.
Rusiya tərəfindən verilən açıqlamalar, mesajlar, Putinin son bəyanatları da siyasi mahiyyət daşıyır. Ermənistanın yanında olduqlarını bildirirlər və Rusiyanın bu məsələdə mövqeyinin dəyişməz olduğunu vurğulayırlar. Amma Türkiyə tərəfi açıq şəkildə bildirir ki, gəlin sənədləri tutuşduraq və baxaq, əgər həqiqətən də ortada soyqırımı faktı varsa, bunu qəbul edəcəklərini deyirlər.
Lakin hadisələrin tarixi,  xronologiyası və ümumi tarixi proseslər göstərir ki, ortada soyqırım yoxdur. O dövrdə ermənilərin həyatını itirməsinə dair müəyyən məlumatlar var, amma bu daha çox sürgün və köç prosesi zamanı baş verən hadisələrlə bağlıdır ki, bunu soyqırımı kimi qiymətləndirmək doğru deyil.
Bu baxımdan da Türkiyənin mövqeyini haqlı hesab edirəm. Əgər kimsə bu məsələdə narahatdırsa, bunu arxiv sənədlərinin açılması ilə sübut etmək mümkündür. Ən önəmlisi də odur ki, Rusiya tərəfi də bu məsələdə Türkiyə ilə arxiv sənədlərini bölüşə bilər, çünki Rusiyada da bu barədə məlumatlar mövcuddur. Türkiyənin məsələyə yanaşması digərlərinə nisbətən daha şəffaf və açıqdır. Ona görə də kim nə deyirsə-desin, tərəflər çəkinmədən bu məlumatları ortaya qoyub, həqiqəti təsdiqləyə bilərlər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31