Qlobal güclərin təzyiqinə qarşı Azərbaycanın davamlı dirənişi - ÖZƏL

"Azərbaycan hər zaman ədalətə və dürüstlüyə sadiq olub, istər yaxın qonşuları ilə, istərsə də qlobal səviyyədə münasibətlərində bu prinsipləri əsas götürüb. Biz daim çalışmışıq ki, heç kimin haqqına girməyək və eyni zamanda heç kim də bizim haqqımızı tapdalamasın."

Bu fikirləri siyasi şərhçi Azər Həsrət Olaylar.az-a açıqlamasında bildirib:

"Lakin təəssüf ki, uzun illərdir və bu gün də müəyyən haqsızlıqlarla üzləşirik. Bu cür ədalətsizliklər təbii olaraq narahatlıq doğurur. Belə bir şəraitdə müşahidə edirik ki, Avropa və Amerika daxil olmaqla bəzi böyük güclərin ayrı-ayrı təmsilçiləri Azərbaycana qarşı təzyiq və hücumlarını davam etdirirlər.

Bu şəxslərin fəaliyyətini araşdırdıqda görürük ki, onların bir qismi erməni lobisi və təşkilatları ilə əlaqəlidir, digərləri isə müxtəlif xarici mərkəzlərin - o cümlədən Rusiya və ya İranla bağlı strukturların təsiri altında çıxış edirlər. Onların əsas məqsədi Azərbaycanı təzyiq altında saxlamaq və mövqelərini zəiflətməkdir.

Ancaq nəticə etibarilə bu cəhdlər uğursuz olub. Azərbaycan bütün bu basqılar qarşısında dayanıqlılıq nümayiş etdirərək mövqeyini qoruyub və daha da güclənib. Biz hər zaman ədalətin və beynəlxalq hüququn bərqərar olması üçün səylər göstərmişik.

2020-ci ildə baş vermiş 44 günlük müharibə də bunun bariz nümunəsidir. Azərbaycan məcburiyyət qarşısında qalaraq hərbi gücdən istifadə edib və öz ərazi bütövlüyünü təmin edib.

Hesab edirəm ki, bu reallıqlar bundan sonra Azərbaycana qarşı çıxan qüvvələr tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır. Çünki təzyiqlər artdıqca Azərbaycan daha da güclənib, özünə inamı artıb və mövqelərini möhkəmləndirib.

Bu gün Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda mühüm əhəmiyyətə malik dövlətə çevrilib. Bir çox beynəlxalq və regional proseslərin irəliləməsi Azərbaycanın iştirakı olmadan mümkün deyil. Bu reallığı ölkəmizə qarşı çıxan qüvvələr də, şübhəsiz ki, görür və anlayırlar."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31