Trampın "xüsusi əməliyyat" taktikası: ABŞ İrana qarşı hüquqi boşluqlardan necə istifadə edir? – ÖZƏL

"Amerika Birləşmiş Ştatları ilə İran arasında iki həftəlik atəşkəslə bağlı razılaşma əldə olunduqdan sonra tərəflərin İslamabadda baş tutan ilk uğursuz danışıqlarından sonra növbəti görüşün keçirilməməsi, ardınca isə ABŞ tərəfindən atəşkəsin birtərəfli qaydada uzadılması və bu mərhələdə ciddi irəliləyişin əldə olunmaması hazırkı atəşkəsin effektivliyi ilə bağlı suallar doğurub".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, bu vəziyyət həm də "mənasız atəşkəs"in daha nə qədər uzadıla biləcəyi və bunun hansı tərəf üçün daha faydalı olduğu ətrafında müzakirələrə yol açıb. Tərəflərin bu atəşkəsdən qazancı və itkiləri prizmasından yanaşdıqda demək olar ki, İran üçün əsas qazanc zaman faktorudur. Bu müddət ərzində İran silahlı qüvvələrinin yenidən komplektləşdirilməsi, ölkə daxilində asayişin qorunması, təhlükəsizlik strukturlarının gücləndirilməsi və xüsusilə siyasi elitanın yenidən təmərküzləşməsi istiqamətində daxili rəqabət şəraitində mövqelərin möhkəmləndirilməsi prioritetə çevrilir. ABŞ tərəfinə gəldikdə isə, belə qənaət formalaşır ki, 14 günlük atəşkəs müddəti və ondan sonrakı bir neçə gün ərzində regiona əlavə canlı qüvvə və hərbi texnikanın cəlb olunması prosesi əsasən tamamlanıb. Bu halda sual yaranır: atəşkəsin qeyri-müəyyən müddətə uzadılmasında ABŞ niyə maraqlı görünür? Bu sualın cavabını uğursuz danışıqlarla bağlı sadəlövh gözləntilərdə deyil, daha çox kənar amillərdə axtarmaq lazımdır. Birinci ehtimal kimi qeyd etmək olar ki, yaxın günlərdə Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Avropa liderlərinin geniş tərkibdə iştirakı gözlənilir və təhlükəsizlik səbəbləri bu atəşkəsin uzadılmasına təsir edən amillərdən biri ola bilər.

Siyasi ekspert qeyd edib ki, ikinci mühüm məqam isə son günlər yayılan məlumatlarla bağlıdır. Belə ki, İranın hasil etdiyi, lakin ixrac edə bilmədiyi neft ehtiyatlarının saxlanması üçün limitlərin dolmaq üzrə olduğu bildirilir. Qarşıdakı bir neçə həftə ərzində bu limitin aşılması İranın neft sənayesi üçün ciddi problemlər yarada bilər. Bu baxımdan, atəşkəsin uzadılması İranı həm iqtisadi baxımdan təzyiq altında saxlamaq, həm də onu danışıqlara məcbur etmək və ya hərbi əməliyyatlara başlamağa sövq etmək məqsədi daşıya bilər. Bu iki amili nəzərə alaraq demək olar ki, atəşkəsin uzadılması ABŞ üçün təsadüfi deyil, daha çox strateji planlaşdırmanın tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bir tərəfdən regionda mühüm beynəlxalq tədbirin təhlükəsizliyinin təmin olunması, digər tərəfdən isə İran üzərində iqtisadi və siyasi təzyiq mexanizmlərinin gücləndirilməsi bu qərarın əsas motivləri kimi görünür. Digər mühüm məqam isə ABŞ-nin hüquqi çərçivədə hərəkət etməsi ilə bağlıdır. Belə ki, War Powers Resolution (1973-cü il Müharibə Səlahiyyətləri Qanunu) prezidentin Konqresin razılığı olmadan hərbi əməliyyatları 60 gün ərzində məhdudlaşdırmasını nəzərdə tutur. Lakin ABŞ-nin İraq və Əfqanıstanda apardığı əməliyyatlar zamanı bu müddəaların müxtəlif yollarla dolanıldığı müşahidə olunub və bu da hazırkı prezident üçün müəyyən presedent formalaşdırıb. ABŞ rəsmiləri və mediası bir çox hallarda bu tip hərbi fəaliyyətləri "müharibə" deyil, "xüsusi hərbi əməliyyatlar" kimi təqdim edir. Bu yanaşma, ehtimal ki, hüquqi məhdudiyyətlərin formal şəkildə pozulmaması görüntüsü yaratmaq məqsədi daşıyır. Eyni yanaşmanın İranla bağlı proseslərdə də tətbiq olunduğu görünür. Bu kontekstdə belə nəticəyə gəlmək olar ki, ABŞ prezidenti Donald Tramp "xüsusi hərbi əməliyyatlar" terminologiyasından istifadə etməklə bu prosesləri istədiyi müddətə qədər uzatmaq imkanına malikdir və mövcud qanunvericilik onun İran siyasətində, xüsusilə hərbi sahədə ciddi məhdudiyyət yaratmır.

"ABŞ üçün İrana qarşı tətbiq olunan sanksiyaların və ümumilikdə regionda həyata keçirilən siyasətin gətirə biləcəyi strateji dividendlər hazırkı atəşkəsin uzadılmasını şərtləndirən əsas amillərdən biri kimi çıxış edir. Bu baxımdan, atəşkəsin formal xarakter daşıması və praktik nəticələr verməməsi fonunda belə onun davam etdirilməsi ABŞ-nin uzunmüddətli maraqları ilə uzlaşan bir addım kimi qiymətləndirilə bilər", - deyə T. Əliyev vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31