Dövlət-vətəndaş həmrəyliyinin real ifadəsi- ÖZƏL

"Prezident İlham Əliyevin sel və daşqınlarla bağlı imzaladığı sərəncam dövlət-vətəndaş həmrəyliyinin real ifadəsidir. Təbii fəlakətlər dünyanın ən inkişaf etmiş ölkələrində belə ciddi problemlər yaradır, lakin əsas məsələ böhran anında dövlətin nə qədər çevik və məsuliyyətli  davranmasıdır. Azərbaycanda da məhz bunun şahidi olduq. Operativ şəkildə zərərin qiymətləndirilməsi aparıldı, maliyyə vəsaiti ayrıldı, aidiyyəti qurumlara konkret tapşırıqlar verildi". "Olaylar" xəbər verir ki, bunu  YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib: "Ayrılan maliyyə vəsaitinin effektiv və şəffaf istifadəsi məsələsində də dövlətin institusional imkanları kifayət qədər güclüdür. Nazirlər Kabineti, Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, yerli icra hakimiyyətləri və nəzarət mexanizmləri bu prosesin koordinasiyalı şəkildə aparılmasını təmin edir. Prezidentin sərəncamları formal sənəd deyil, icrası ciddi nəzarətdə saxlanılan siyasi iradənin göstəricisidir. Burada əsas məqsəd vəsaiti kağız üzərində deyil, vətəndaşın həyatında hiss etdirməkdir. Dağılan körpülərin bərpası, sıradan çıxan yolların yenidən istifadəyə verilməsi, zərər görmüş ailələrin sosial müdafiəsi - bunlar şəffaflığın ən aydın nəticəsidir.
İnfrastrukturun bərpası ilə yanaşı, gələcək risklərin azaldılması da artıq dövlət siyasətinin ayrılmaz hissəsidir. Təkcə nəticələri aradan qaldırmaq yox, səbəbləri minimuma endirmək əsas prioritetdir. Yeni drenaj sistemləri, çay məcralarının təmizlənməsi, sahilbərkitmə işləri, suötürücü xətlərin yenilənməsi, dağlıq ərazilərdə monitorinq sistemlərinin gücləndirilməsi - bunlar preventiv yanaşmanın konkret nümunələridir. Bu gün atılan addımlar sabahın təhlükəsizliyi üçündür.
Bu sərəncam eyni zamanda onu göstərir ki, Azərbaycan iqlim dəyişikliyinin yaratdığı yeni çağırışları düzgün oxuyur və buna uyğun dövlət strategiyası formalaşdırır. Dünyada ekstremal hava hadisələri artır və bu, artıq nəzəri məsələ deyil, real təhlükədir. Azərbaycan isə bu reallığı vaxtında qəbul edərək fövqəladə hallara hazırlıq səviyyəsini yüksəldir. Bu, həm institusional hazırlıqdır, həm texniki imkanların artırılmasıdır, həm də siyasi məsuliyyətdir. 
Regionlarda sel və daşqın risklərinin azaldılması üçün uzunmüddətli strategiya yalnız fövqəladə reaksiya ilə məhdudlaşmamalıdır. Burada kompleks yanaşma vacibdir: su idarəçiliyinin modernləşdirilməsi, ekoloji tarazlığın qorunması, meşə fondunun genişləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, risk xəritələrinin hazırlanması və əhalinin maarifləndirilməsi paralel aparılmalıdır. Dövlət artıq bu istiqamətdə sistemli addımlar atır və bu yanaşma davamlı təhlükəsizlik modelinin əsasını yaradır.
Ayrılan vəsaitin bir hissəsinin preventiv tədbirlərə yönəldilməsi isə ən rasional və uzaqgörən siyasətdir. Fəlakətdən sonra milyonlar xərcləməkdənsə, onun qarşısını almaq həm iqtisadi, həm sosial, həm də insani baxımdan daha doğru yanaşmadır. Güclü dövlət yalnız dağılanı bərpa edən deyil, dağıntının qarşısını əvvəlcədən alan dövlətdir. Azərbaycan rəhbərliyi də məhz bu prinsipə söykənir.
Dövlətin operativ müdaxiləsi vətəndaş-dövlət münasibətlərində etimadı daha da gücləndirir. İnsanlar görür ki, çətin gündə onların yanında konkret qərar verən, məsuliyyət daşıyan siyasi iradə var. Bu, sadəcə sosial yardım deyil, mənəvi dayaqdır. Vətəndaş anlayır ki, onun təhlükəsizliyi dövlət üçün prioritetdir. Bu isə milli həmrəyliyi və ictimai sabitliyi möhkəmləndirən ən vacib faktorlardan biridir.
Sel və daşqınların təsirini minimuma endirmək üçün şəhərsalma siyasətində də ciddi transformasiya vacibdir və bu proses artıq gedir. Xaotik tikintiyə qarşı sərt nəzarət, su axınlarının təbii marşrutlarının qorunması, müasir mühəndis-kommunikasiya sistemlərinin tətbiqi, iqlim risklərinə uyğun urbanizasiya modeli bu siyasətin əsas istiqamətləridir. Şəhərsalmada məqsəd yalnız bina tikməklə məhdudlaşmamalıdır,əsas amil insan həyatının qorunması olmalıdır. Dövlətin yanaşması da məhz budur.
Bütün bunların fonunda Prezidentin sərəncamı sadəcə fövqəladə qərar deyil, güclü dövlətin məsuliyyət manifestidir. Bu, idarəetmənin çevikliyini və dövlətin strateji baxışını ortaya qoyur. Azərbaycan bir daha sübut edir ki, qarşısına çıxan hər bir çətinliyi birlik, iradə və peşəkar idarəçiliklə aşmaq gücünə malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31