Bakıdan Praqaya uzanan enerji körpüsü güclənir- ÖZƏL

" Çexiya ilə münasibətlər həm Azərbaycanın enerji təchizatçısı kimi rolu, həm də Mərkəzi Avropanın enerji diversifikasiyası siyasətindən irəli gələn ehtiyaclarla birbaşa bağlıdır. Məlumdur ki, Avropa ölkələri Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyadan enerji asılılığını azaltmaq üçün Avropa İttifaqının enerji xəritəsini yenidən formalaşdırmağa çalışır. Bu prosesdə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edir. Bu baxımdan Çexiya Azərbaycanla enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Yeni tranzit marşrutların, nəqliyyat və ticarət yollarının formalaşdırılması Azərbaycanın tranzit potensialını Çexiya üçün daha da cəlbedici edir.
Son dövrlərdə Azərbaycan Avropa liderləri ilə dialoqu intensivləşdirərək enerji təchizatçısı imicini daha da gücləndirib. Bu isə Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı və səmərəli əməkdaşlığın nəticəsidir. Çexiyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi ölkəmizin Azərbaycan-Avropa İttifaqı enerji və infrastruktur layihələrində vacib tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və bu ölkələrdən 10-u Avropa İttifaqına üzvdür. Azərbaycan Çexiyaya qonşu olan ölkələrə də təbii qaz ixrac edir.  Bu səbəbdən Çexiya mövcud enerji infrastrukturundan istifadəni daha məqsədəuyğun hesab edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31