Neft yüksəlir, qeyri-müəyyənlik dərinləşir: Qlobal böhranın astanasında dünya- ÖZƏL

" Hörmüz boğazı dünya neft ticarətinin təxminən beşdə birinin keçdiyi strateji su yoludur. Blokada halında bu həcm anında dayanacaq. Birbaşa zərər görəcək ölkələr, Yaponiya, Cənubi Koreya, Hindistan, Çin alternativ marşrutlara keçməyə məcbur olacaq, bu isə həm vaxt, həm də xərc baxımından çox baha başa gələcək. Neft qiymətinin 150-200 dollar səviyyəsinə qalxması texniki baxımdan mümkündür, amma bu artımın sürəti və davamlılığı blokadanın neçə gün və ya neçə həftə çəkəcəyindən asılı olacaq".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Azərbaycan üçün vəziyyət ikili xarakter daşıyır və bu çox vacib məqamdır. Bir tərəfdən Azərbaycan neft ixracatçısıdır. Neft qiymətinin qalxması dövlət büdcəsinə, Dövlət Neft Fonduna və xarici valyuta ehtiyatlarına müsbət təsir göstərəcək. Qısamüddətdə bu, fiskal baxımdan əlverişli görünə bilər. Lakin digər tərəfdən Azərbaycan idxaldan güclü şəkildə asılıdır - ərzaq, sənaye malları, avtomobil, elektron texnika. Bunların böyük hissəsi dollarla qiymətləndirilir. Qlobal inflyasiya dalğası Azərbaycana idxal inflyasiyası kimi yansıyacaq. Manatın sabit məzənnəsi bu zaman müdafiə qalxanı rolunu oynayır, amma valyuta ehtiyatları üzərindəki təzyiq artacaq.
Qlobal maliyyə sistemi üçün risklər daha dərin və strukturaldır. Neft qiymətinin bu həddə qalxması əslində bütün qiymət sistemini yenidən quracaq. Nəqliyyat xərcləri artacaq, bu da istehsal xərclərini artıracaq, bu da istehlak qiymətlərini artıracaq. Mərkəzi banklar son illərdə çətin mübarizə ilə aşağı çəkdikləri inflyasiyanın yenidən qalxdığını görəcək. Bu onları faizləri yenidən artırmağa məcbur edəcək. Faizlərin artması isə kredit bazarlarını sıxışdıracaq, ipoteka yükünü artıracaq, biznes investisiyalarını yavaşladacaq.
Xüsusilə borc yükü yüksək olan inkişaf etməkdə olan ölkələr üçün bu ssenari çox ağır olacaq. Dollar güclənəcək, onların milli valyutaları isə zəifləyəcək. Xarici borcun xidməti baha başa gələcək. Bəzi ölkələr ödəmə çətinliklərinə düşə bilər.
Uzunmüddətli iqtisadi sabitlik baxımından isə ən böyük risk qeyri-müəyyənliyin özüdür. Birbaşa iqtisadi ziyan müəyyən müddət sonra bərpa oluna bilər. Amma əgər bu böhran qlobal ticarət marşrutlarına olan inamı sarsıdarsa, enerji təhlükəsizliyini yenidən müzakirəyə açarsa, ölkələr sürətlə alternativ enerji mənbələrinə və marşrutlarına keçməyə başlayacaq. Bu prosesdə neftə əsaslanan iqtisadiyyatlar, o cümlədən Azərbaycan orta və uzunmüddətdə öz əsas gəlir mənbəyinin tədricən dəyərsizləşməsi ilə üzləşəcək. Yəni qısamüddətli qiymət artımından qazanc əldə etsək də, uzunmüddətli perspektivdə bu böhran neftdən asılılığı azaltmaq üçün dünya iqtisadiyyatına əlavə güclü bir təkan olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31