“Gernika mükafatı Azərbaycanın haqq mübarizəsinə verilən qiymətdir” – Taleh Əliyev – ÖZƏL
13:29 Siyasət"Sülh və barış üçün "Gernika" mükafatı vaxtilə faşist Almaniyası tərəfindən İspaniyada mülki əhaliyə qarşı havadan kütləvi zərbələrin endirilməsi nəticəsində günahsız insanların həlak olması ilə bağlı təsis olunmuş mükafatdır. 1937-ci il fevralın 26-da baş vermiş bu faciə sonradan sülhə töhfə verən liderlərə, təşkilatlara və insan hüquqları qurumlarına təqdim edilən nüfuzlu mükafatın yaranmasına səbəb olmuşdur. Bu mükafat sülh quruculuğuna mühüm töhfə vermiş şəxslərə və qurumlara verilir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev deyib. Ekspert bildirib ki, Avropada və ümumilikdə dünyada nüfuzlu hesab olunan bu sülh mükafatının Azərbaycan Respublikasının Prezidentinə verilməsi Azərbaycanın sülh quruculuğu sahəsində həyata keçirdiyi fəaliyyətə verilən qiymətdir. Nəzərə alsaq ki, son günlər Avropanın bəzi ölkələri, o cümlədən Belçika və Niderland tərəfindən Azərbaycana qarşı qərəzli mövqelər nümayiş etdirilir, eyni zamanda Nyu-Yorkda fəaliyyət göstərən bəzi siyasi dairələr tərəfindən Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlar səsləndirilir, belə bir beynəlxalq nüfuza malik mükafatın dövlət başçısına təqdim olunması bu cür qərəzli və ikili standartlarla çıxış edən dairələrə verilmiş ciddi bir cavab kimi dəyərləndirilə bilər.
"Bu baxımdan hesab edirəm ki, sözügedən mükafat Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə daha geniş şəkildə tanıdılması üçün mühüm əhəmiyyət daşıyır və eyni zamanda vaxtında verilmiş obyektiv bir qərardır. Bu mükafat yalnız dövlət başçısının şəxsi xidmətlərinə verilmiş qiymət kimi deyil, ümumilikdə Azərbaycanın apardığı siyasətin nəticəsi kimi də qiymətləndirilə bilər. Bununla belə, bu xidmətlərin əsas müəllifi kimi dövlət başçısının rolu danılmazdır. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonrakı mərhələdə Ermənistanla aparılan sülh danışıqlarında Azərbaycanın təşəbbüskar və müəyyənedici tərəf kimi çıxış etməsi, ölkə siyasətinin məhz bu istiqamətdə formalaşdırılması bu mükafatın verilməsini daha dolğun və ədalətli seçim kimi göstərir. Bu münasibətlə həm Azərbaycan dövlət başçısını, həm də Azərbaycan dövlətini təbrik etmək yerinə düşər. Çünki uzun illərdən sonra Azərbaycanın haqq mübarizəsi beynəlxalq səviyyədə öz layiqli qiymətini və dəstəyini qazanmışdır", - deyə siyasi ekspert qeyd edib.
Səidə Ramazanova