Azərbaycan–Çexiya münasibətlərində yeni mərhələ- ÖZƏL
13:26 SiyasətBakı və Praqa beynəlxalq gündəmdə ortaq maraqlar əsasında daha sıx koordinasiya niyyətindədir
"2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrej Babiš-in Azərbaycana səfəri və Prezident Ilham Aliyev ilə keçirilən görüş iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Mətbuata bəyanat zamanı səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan ilə Çexiya Respublikası arasındakı əməkdaşlıq artıq yalnız diplomatik təmaslarla məhdudlaşmır, çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəflər arasında formalaşmış fəal siyasi dialoq münasibətlərin əsas dayaqlarından biridir. İlk görüşün məhsuldar keçməsi, regional, ikitərəfli və qlobal məsələlər üzrə aparılan geniş fikir mübadiləsi göstərir ki, Bakı və Praqa beynəlxalq gündəmdə ortaq maraqlar əsasında daha sıx koordinasiya niyyətindədir. Bu, xüsusilə mürəkkəb geosiyasi şəraitdə qarşılıqlı etimada söykənən münasibətlərin əhəmiyyətini artırır.
Səfərin diqqətçəkən istiqamətlərindən biri iqtisadi əməkdaşlıqla bağlı konkret təkliflərin irəli sürülməsi oldu. Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana gəlməsi və biznes-forumun təşkili sadəcə protokol xarakterli addım deyil, iqtisadi münasibətlərin dərinləşdirilməsi üçün praktik platformadır. Ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması mühüm göstərici olsa da, Prezident İlham Əliyevin vurğuladığı kimi, əsas məsələ bu göstəricinin strukturunun daha balanslı formalaşdırılmasıdır. Bu yanaşma iqtisadi əlaqələrin xammal ticarətindən investisiya, sənaye kooperasiyası və texnoloji tərəfdaşlıq mərhələsinə keçidini hədəfləyir.
Energetika sahəsi isə əməkdaşlığın aparıcı sütunu olaraq qalır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması, ölkəmizin Avropa üçün etibarlı tərəfdaş kimi qəbul olunması enerji diplomatiyasının uğurunu bir daha təsdiqləyir. Azərbaycan qazının 16 ölkəyə ixracı, onlardan 10-nun Avropa İttifaqına üzv olması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu göstərir. Bu kontekstdə Çexiya ilə əməkdaşlıq təkcə kommersiya maraqları ilə məhdudlaşmır, uzunmüddətli strateji enerji tərəfdaşlığı formatı qazanır.
Müdafiə sənayesi sahəsində əməkdaşlığın ayrıca vurğulanması isə münasibətlərin yeni istiqamətini müəyyən edir. Çexiya ilə hərbi təyinatlı məhsullar üzrə mövcud əməkdaşlıq və birgə istehsalla bağlı danışıqlar Azərbaycanın müdafiə sənayesinin inkişaf strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlıq texnologiya transferi, istehsal potensialının artırılması və milli müdafiə imkanlarının gücləndirilməsi baxımından strateji perspektivlər açır.
Səfər zamanı Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə müzakirələr də münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi istiqamətində vacib siqnaldır. Bu, əməkdaşlığın təsadüfi təşəbbüslərlə deyil, davamlı mexanizmlərlə idarə olunacağını göstərir.
Bütün bunlar sübut edir ki, Azərbaycan-Çexiya münasibətləri yeni dinamika qazanır. Bu əməkdaşlıq modelində siyasi dialoq, iqtisadi tərəfdaşlıq, enerji təhlükəsizliyi, müdafiə sənayesi və investisiya əməkdaşlığı bir-birini tamamlayan vahid strateji xətt təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi "qarşımızda çox gözəl perspektivlər açılır" fikri də məhz bu reallığın ifadəsidir.
Bugünkü mərhələdə Azərbaycan ilə Çexiya Respublikası arasında münasibətlər təkcə dostluq münasibətləri deyil, Avropa ilə Cənubi Qafqaz arasında etibarlı əməkdaşlıq körpüsünün möhkəmlənməsi kimi də dəyərləndirilə bilər. Bu səfər və verilən mesajlar göstərdi ki, iki ölkə qarşılıqlı faydaya əsaslanan, uzunmüddətli və strateji xarakter daşıyan əməkdaşlıq modelini daha da inkişaf etdirməkdə qərarlıdır".