Azərbaycan-Ukrayna münasibətləri: Beynəlxalq hüquqa söykənən sarsılmaz mövqe – ÖZƏL
18:19 Siyasət"Azərbaycan və Ukrayna arasındakı münasibətlər yüksək səviyyədə inkişaf edir və bu əlaqələrin daha da genişlənməsi üçün kifayət qədər geniş zəmin mövcuddur. Rusiya-Ukrayna müharibəsinin başlanması bu münasibətlərin inkişafına ləngidici təsir göstərməyib. Əksinə, əlaqələr öz məntiqi xətti üzrə davam edib və inkişaf etməkdədir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, müharibədən əvvəl də Bakı və Kiyev arasında yüksək səviyyəli əməkdaşlıq mövcud idi və post-müharibə dövründə də bu əlaqələrin daha da güclənəcəyi gözlənilir. Paralel olaraq Ukrayna prezidentinin Azərbaycana səfəri və Qəbələdə keçirilən ikitərəfli görüşlər gələcək əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edən addımlar kimi qiymətləndirilə bilər. Azərbaycan Ukraynanın haqlı mövqeyini və ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyir. Bu mövqe beynəlxalq hüquq normalarına tam uyğunluq təşkil edir. Ümumilikdə, Azərbaycan beynəlxalq hüququn və ədalətin müdafiəsində prinsipial mövqe sərgiləyən dövlətlərdən biridir. Bu yanaşma təsadüfi deyil, çünki Azərbaycan uzun illər ərzində özü də işğal faktı ilə üzləşmiş və bu müddətdə beynəlxalq ictimaiyyətin yetərincə adekvat reaksiya vermədiyini müşahidə etmişdir. Məhz bu səbəbdən Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün gücə əsaslanan addımlar atmaq məcburiyyətində qalmışdır. Bu gün isə ölkə mövcud beynəlxalq reallıqları nəzərə alaraq, beynəlxalq hüququn müdafiəsində fəal şəkildə iştirak edir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini ardıcıl şəkildə davam etdirir.
Ekspert qeyd edib ki, bununla yanaşı, Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstək də davam edir və bu, Ukrayna tərəfindən dəfələrlə yüksək qiymətləndirilib. Gələcəkdə də iki ölkə arasında münasibətlərin inkişafı, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması gözlənilir. Azərbaycan-Ukrayna münasibətləri heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Bu əlaqələr iki suveren dövlətin qarşılıqlı maraqlar əsasında normal və konstruktiv əməkdaşlığının təzahürüdür. Ümumilikdə isə bu proses Azərbaycanın indiyədək həyata keçirdiyi balanslı və prinsipial xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova