Söz yox, nəticə: Azərbaycanın xarici siyasətinə beynəlxalq qiymət- ÖZƏL

"İlham Əliyevin "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi, əslində, Azərbaycanın son illər apardığı praqmatik və nəticəyönümlü xarici siyasətin beynəlxalq səviyyədə qəbul olunmasının göstəricisidir. Bu mükafat sadəcə simvolik jest deyil- regionda formalaşan yeni reallıqlarda Bakının təşəbbüskar rolunun artıq açıq şəkildə tanındığını göstərir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:
"Birincisi, bu hadisə Azərbaycanın beynəlxalq imicinə ciddi müsbət impuls verir. Ölkə artıq təkcə proseslərin iştirakçısı yox, eyni zamanda onları yönləndirən aktor kimi görünür. Cənubi Qafqaz kimi həssas bölgədə sülh gündəliyini irəli aparmaq, nəqliyyat-kommunikasiya xətlərini açmaq və əməkdaşlıq mühitini genişləndirmək kimi addımlar xarici tərəfdaşlar tərəfindən daha aydın və real nəticə kimi qəbul olunur. Bu cür mükafatlar isə həmin siyasətin düzgün istiqamətdə getdiyini göstərən əlavə siqnaldır.

İkincisi, bu uğur Azərbaycanın sülh təşəbbüslərinin artıq regional çərçivəni aşdığını nümayiş etdirir. Yəni Bakı yalnız öz maraqlarını qoruyan tərəf kimi yox, daha geniş əməkdaşlıq modelini təklif edən oyunçu kimi qəbul edilir. Bu da xüsusilə gələcək danışıqlarda və normallaşma prosesində ölkənin mövqelərini daha da gücləndirir.

Ümumilikdə, bu mükafatın əsas mesajı ondan ibarətdir ki, beynəlxalq müstəvidə artıq söz yox, konkret addımlar qiymətləndirilir. Azərbaycan isə son illərdə məhz bu yanaşma ilə çıxış edir və görünür, bu xətt xaricdə də diqqətdən kənarda qalmır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31