Rusiya-Ukrayna münaqişəsinin həllində Azərbaycan faktoru: Niyə məhz Bakı? ÖZƏL

Rusiya Dövlət Dumasının rəsmisi Aleksey Juravlyov Azərbaycanı Rusiya və Ukrayna arasında danışıqlar üçün "layiqli məkan" adlandırıb. Prezident Volodimir Zelenskinin Bakıya səfəri zamanı danışıqlara hazır olduğunu bəyan etməsi, həmçinin ABŞ rəsmilərinin Moskvaya mümkün səfəri barədə xəbərlər Bakının vasitəçilik rolunu aktuallaşdırıb. Lakin rusiyalı deputat vurğulayır ki, hazırda əsas problem görüş yeri yox, tərəflərin mövqeləri arasındakı kəskin fərq və konkret razılaşma sənədinin olmamasıdır. Ukrayna tərəfi isə yaxın ayları atəşkəs üçün "imkan pəncərəsi" hesab edir.

Bakının ev sahibliyi ehtimalı tərəflər arasında etimad mühitinin yaranmasına necə təsir edə bilər? Belə bir görüşün keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzuna və regional təhlükəsizlik statusuna nə vəd edir? 

"Təbii ki, Azərbaycan artıq qlobal məkanın avanqard və nüfuzlu dövlətləri sırasına daxil olub. Bu gün rəsmi Bakı bir çox mühüm qlobal proseslərin inkişafında və nizamlanmasında fəal iştirak edir. Buna misal olaraq Azərbaycanın və onun Prezidentinin Donald Tramp tərəfindən Qəzza böhranı ilə bağlı sülh təşəbbüslərinə dəvət edilməsini göstərmək olar. Bu, olduqca önəmli bir faktdır. Çünki Azərbaycan artıq həmin platformalarda ciddi nüfuza malik dövlətlər sırasında yer alır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, digər tərəfdən, Azərbaycanın bir çox sahələr üzrə vasitəçilik potensialı mövcuddur. Azərbaycan həm Şərq, həm də Qərb ölkələri ilə balanslı və müsbət münasibətlər qurub. Eyni zamanda, Azərbaycanın Ukrayna ilə də isti və dost münasibətləri var. Son vaxtlara qədər Azərbaycanın Rusiya ilə münasibətləri də yüksək səviyyədə idi və bu münasibətlərin soyumasında məsuliyyət Azərbaycan tərəfinin üzərində deyil. 

Ekspert qeyd edib ki, bütün bunları nəzərə aldıqda, Azərbaycan Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar üçün uyğun platforma kimi çıxış edə bilər. Ölkə həm də Rusiya ilə Ukrayna arasında vasitəçilik potensialına malikdir. Əgər kənar müdaxilələrin minimuma endirildiyi və geosiyasi maraqların prosesə dominant təsir göstərmədiyi bir danışıqlar formatı nəzərdə tutularsa, belə görüşlərin məhz Azərbaycanın vasitəçiliyi ilə və onun ərazisində keçirilməsi mümkün və məqsədəuyğun görünür. Rusiyanın bu məsələ ilə bağlı yekun qərarının nə olacağı hələlik məlum deyil və bu, yaxın zamanda daha da aydınlaşa bilər. Lakin Ukrayna Prezidenti Volodimir Zelenski artıq bu istiqamətdə təkliflə çıxış edib və Azərbaycanın vasitəçiliyi ilə Rusiya tərəfi ilə görüşün keçirilməsini mümkün hesab etdiyini bildirib. Bütün bunlar Azərbaycanın qlobal əhəmiyyətini bir daha ön plana çıxarır. Belə görünür ki, Azərbaycan artıq həm Qərbdə, həm də Şərqdə ciddi qəbul olunan və siyasi iradəsi ilə hesablaşılan dövlətə çevrilib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31