KTMT baş katibi: Dünyada təhlükəsizlik vəziyyəti kəskinləşib- ÖZƏL
13:40 SiyasətKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Taalatbek Masadıykov bildirib ki, son illərdə dünyada təhlükəsizlik sahəsində vəziyyət son dərəcə kəskin xarakter alıb. Olaylar.az xəbər verir ki, o, bu barədə "Kollektiv təhlükəsizliyin yeni arxitekturasının konturları: KTMT-nin informasiya-analitik tərəfdaşlığının aktual məsələləri" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı danışıb.
Masadıykov qeyd edib ki, təhlükəsizlik təhdidləri son dövrdə əhəmiyyətli dərəcədə artıb və həm beynəlxalq ictimaiyyət, həm də ayrı-ayrı dövlətlər bu çağırışlara qarşı mübarizə aparmaq üçün kifayət qədər praktik təcrübəyə malik deyil. Onun sözlərinə görə, yeni problemlər əvvəl bəşəriyyətin üzləşdiyi təhlükələrdən fərqlənir. Baş katib əlavə edib ki, bu çağırışların bir hissəsi süni intellekt texnologiyalarının istifadəsi ilə bağlıdır. Bununla yanaşı, ənənəvi təhlükələr də yeni ölçü qazanıb. O, xüsusilə nüvə silahı ilə bağlı risklərin daha mürəkkəb xarakter aldığını vurğulayıb.