Qənirə Paşayeva İraqın dövlət naziri ilə görüşüb
4 Dekabr 2013 16:41 SiyasətMillət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Azərbaycanda səfərdə olan İraqın Əyalət Məsələləri üzrə dövlət naziri, Milli Türkmən Haqq Partiyasının sədri Dr. Torhan M.Əl-Müfti ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili Azərbaycanın İraqla münasibətlərin inkişafına önəm verdiyini, bütün istiqamətlərdə əlaqələrin genişlənməsində və əməkdaşlığın getdikcə daha da dərinləşməsində maraqlı olduğunu deyib. Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanın bu münaqişənin həllində öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini və torpaqlarını işğaldan azad edəcəyini bildirib. İraqda 3 milyona yaxın soydaşlarımızın yaşadığını və onları İraq parlamentində 10 millət vəkilini təmsil etdiyini deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, İraq parlamentinin Xocalı Soyqırımı ilə bağlı rəsmi münasibət bildirməsi önəmli addım olardı. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva İraqın dövlət naziri Torhan M.Əl-Müftiyə Azərbaycan, Azərbaycan həqiqətlərinə, mədəniyyətinə, tarixinə dair materiallar və özünün müəllifi olduğu kitablar təqdim edib.