Azərbaycan ən ideal danışıq məkanlarından biridir- ÖZƏL

Azərbaycan və Ukrayna Prezidentlərinin açıqlamalarında bir çox önəmli mesajlar var idi. Cəmi ikisinə toxunacam. Onlardan biri iqtisadi əlaqələrin inkişaf etdirilməsində böyük potensialın olması haqqında idi. Həqiqətən, Azərbaycan-Ukrayna iqtisadi əlaqələri potensiallarının maksimum 20% ətrafındadır. Mən də gələcəkdə hər iki ölkənin öz potensiallarından iqtisadi əlaqələrin genişləndirilməsi üçün istifadə edəcəklərinə inanıram. 

İkinci önəmli mesaj isə Ölkə Prezidentinin " BU GÜN BIZ QARŞILIQLI HÖRMƏTDƏN, QARŞILIQLI MARAQLARIN TƏMININDƏN DANIŞIRIQ" fikri idi. Həqiqətən də, bu gün dünyada ölkələrarası dialoqlar bəlkə də son 50 ilin ən pis həddindədir. Xüsusilə, böyük dövlətlərin özlərindən kiçik dövlətlərlə sayğısız yanaşmalarla, diktə, siyasi, iqtisadi, hərbi və psixoloji təzyiqlər yolu ilə, bəzən də aşağılayıcı şəkildə danışmaları hamımızın gözü önündə baş verir. Mən bu konteksdə Prezident Trampa həm də ona görə minnətdaram ki, o ən güclü dövlətin belə özündən kiçik dövlətlərlə (Britaniya, Avropa Birliyi ölkələri, ərəb ölkələri, Yaponiya və sair) yüksək tonla, təzyiq və aşağılayıcı şəkildə rəftar nəticəsində tək qala biləcəyini, strateji müttəfiqlərini ən vacib məqamda qısa müddətdə necə itirə biləcəyini bütün dünyaya açıq və əyani şəkildə göstərdi. 

Məncə Rusiya da bu vəziyyəti ciddi təhlil edərək özünə dərs çıxara bilər. Duqin kimi şovinistlərin deyil, istər Rusiyanın özünün, istərsə də dünyanın obyektiv və bitərəf beyin mərkəzlərinin təhlillərinə diqqət yetirməyin Rusiya elitası üçün vacib olduğunu düşünürəm. 

Paşinyanın dəfələrlə sülh mesajları verməsinə, Qafqaz Evinin qurulmasında destruktiv mövqelərə qarşı mövqeyinə baxmayaraq, Avropanın bəzi ölkələrinin, xüsusilə Belçika və Niderland parlamentlərinin savadsız, destruktiv mövqelərinin əslində Avropa Birliyinə doğru addımlayan Paşinyanın rəqiblərinin dəyirmanına su tökdüklərini görməmələri qədər kor olduqlarına təəccüb etməyə bilmirsən. 

Pandemiyaya qədər ölkələri borclandırarkən və onlara investisiya qoyuluşları edərkən ağır şərtlər tətbiq edən və aqressiv siyasət yürüdən Çin bu siyasətin digər ölkələri onun nüfuz dairəsindən uzaqlaşdırdığını gördü və bu siyasətinə müəyyən müsbət düzəlişlər etməyə çalışdı. Hər bir halda böyük dövlətlərə xas olan bir çox xüsusiyyətlər Çində də hələ müəyyən dərəcədə də olsa qalmaqdadır. 

Digər ölkələrə toxunmağa başlasam siyahı uzanacaq. Hər bir halda bu gün böyük dövlətlər və birliklər (Aİ) nəzərə almalıdırlar ki, Yaxın Şərqdəki dövlətlər, o cümlədən körfəz dövlətləri, Cənub Şərqi Asiya dövlətləri, hətta Yaponiya kimi güclü dövlət, elə Avropa İttifaqının özü özlərindən daha böyük dövlətlərə olan inamlarını itiriblər. Yeni Düzənin formalaşması yolunda əslində ABŞ, Britaniya, Rusiya, Çin kimi dövlətlər üçün yeni şans yaranıb. Ya itirdikləri və nüfuz dairərələrindən çıxmış ölkələrlə qarşılıqlı hörmət və mənafelərin nəzərə alınması siyasətinin tətbiqi ilə onların sayğı və etibarlarını qazanmaq, ya da Yeni Düzənə demək olar ki, yalnız qalmış, etibarını və nüfuzunu itirmiş ərazicə böyük olsa da, itirilmiş etibar və hörmət baxımından kiçilmiş bir ölkə kimi daxil olmaq...

Son illərin gözümüzün önündə baş verən hadisələri göstərdi ki, artıq digər dövlətlər böyük dövlətlərin müstəmləkəçilik, böyük qardaş, nüfuz dairəsi kimi yanaşma və prinsiplərlə siyasət yürütmələrini həzm etmək istəmirlər. Bunu həm də həmin dövlətlərin xalqları da həzm etmək istəmir. Hər hansı bir ölkə ilə dost, müttəfiq və ya düşmən olmaq simpatiya və ya antipatiya hisslərinə də bağlı deyil. Bu gün hər hansı bir dövlətlə yaxın olmaq, onun siyasi elitası və xalqının könlündə yuva qurmaq konkret olaraq qarşılıqlı sayğı, hörmət, mənafe və iqtisadi əlaqələr prizmasından mümkün olur. Dünya siyasi xəritəsində ədalətin deyil, ədalətsizliyin ön planda olduğu, böyük dövlətlərə qarşı etibarın itdiyi bir vaxtda zənnimcə (ilk baxışda idealist görünsə də, Yeni Düzənlərin ilk mərhələlərində indiyə qədər tətbiq olunmuş siyasətlərdir) Ölkə Prezidentinin qeyd etdiyi qarşılıqlı sayğı və mənafeyə əsaslanan siyasət yürüdən böyük dövlətlər bir addım öndə olacaqlar!

Rusiya və Ukrayna arasındakı danışıqların Bakıda keçirilməsi təklifinə gəlincə, bu ən yaxşı variantlardan biridir. Azərbaycan həm neytral, həm də heç bir şərt diktə etməyən bir dövlət kimi ən ideal danışıq məkanlarından biridir!

Elman Sadıqov

İqtisadçı ekspert

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31