Rəqəmsal müdaxilə qorxusu: Ermənistan seçkiləri geosiyasi mübarizənin mərkəzində ÖZƏL

ABŞ senatorları iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı Meta və Alphabet şirkətlərinə rəsmi məktub ünvanlayıblar. Məktubda Rusiyanın Moldova nümunəsində olduğu kimi, Ermənistandakı demokratik proseslərə dezinformasiya vasitəsilə müdaxilə cəhdlərinin qarşısının alınması tələb olunur.
Senatorlar vurğulayır ki, bu seçkilər regionda sülh təşəbbüsləri və TRİPP marşrutu kimi strateji layihələrin gələcəyi üçün həlledici rol oynayır. 
Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:
" ABŞ senatorlarının Meta və Alphabet şirkətlərinə məktub ünvanlayaraq onları Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan iqtidarına rəqəmsal informasiya dəstəyi göstərmələri üçün müraciət etmələri bir neçə amillə bağlıdır. Əvvəla bu müraciət bölgə ətrafında dəhlizlər uğrunda mübarizənin geosiyasi anlamda yeni mərhələyə adlamasının göstəricisidir.  Prezident Trampın ABŞ-ın İranla müharibəsində artıq qalib gəlməsi barədə ziddiyətli bəyənatları bu müharibənin real gerçəkliklərindən uzaqdır. ABŞ-ın bəyənatlarına, hətta təhdidlərinə baxmayaraq, rəsmi Tehranın İslamabadda Ağ evlə danışıqlar masası arxasında oturmaqdan imtina etməsi, üstəlik İranın irəli sürdüyü tələblərin  Vaşinqton tərəfindən qəbul edilməyəcəyinə qədər mövqeyi göstərir ki, məlum müharibə ABŞ-ın Yaxın Şərqdə nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun dəstəklədiyi layihələrin də, gələcək perspektivlərini sual altında qoyur. İranın da bölgə ətrafında dəhlizlərlə bağlı mövqelərinin Rusiya və Çinlə üst-üstə düşdüyü nəzərə alınarsa amerikalı senatorların narahatlığı anlaşılandır.
Digər tərəfdən ABŞ sorəu mərkəzlərinin Ermənistanda parlament seçkiləri ərəfəsində respodentlər arasında keçirdiyi monitorinqlər göstərir ki, Paşinyanın siyasi opponentlərinin seçkilərə pərakəndə vəziyyətdə qatılmalarına rəğmən Mülki müqavilə partiyası ən yaxşı halda belə seçkilərə qatılacaq vətəndaşların təxminən 24%-nin səslərini qazanmasına ümid edə bilər, bu isə seçkilərin 1-ci turunda iqtidar partiyasının qələbə qazanmasına kifayət etməyəcək, seçkilərin 2-ci turuna isə Rusiya yönümlü muxalifət korporativ maraqları, habelə geosiyasi ismaricləri nəzərə alaraq vahid namizədlə qatıla bilər, bu mərhələdə klerikal qüvvələrin (erməni kilsəsi) müxalifətlə iş birliyi qərbpərəst Paşinyan iqtidarı üçün baş ağrısı olacaq. Ermənistanda Rusiya yönümlü siyasi qüvvələrin hakimiyyətə gəlmə ehtimalı isə ABŞ-ın dəhlizlə bağlı layihələrinin perspektivləri ətrafında suallar doğuracaq.
ABŞ-ın Rusiyanın Moldovadakı seçkilər zamanı rəqəmsal informasiyalarla guya ki, seçkilərin gedişatına təsir etməsi barədə mövqeyinə gəlincə əslində belə bir müdaxilə Moldovanın Mariya Sandu iqtidarı tərəfindən olmuşdu. Rusiyada 500 mindən yuxarı Moldova vətəndaşının olmasına baxmayaraq, rəsmi Kişinyov onların səsvermə proseslərinə qatılmalarını yasaqlamaq məqsədilə cəmi 2 səsvermə məntəqəsi yaratmış, AB ölkələri ərazisində isə sayı 100 olan səsvermə məntəqəri təşkil  olunmuşdu, nəticə etibarı ilə Rusiya yönümlü elektoratın əhəmiyyətli hissəsi seçkilərdən kənarda qalmış, onların səsvermə hüquqlarına inzibati zəmində müdaxilə baş vermişdi.
Nəhayət, nəzərə almaq lazımdır ki, Macarıstandakı seçkilər ərəfəsində ABŞ vitse prezidenti Vensin Budapeştə gələrək macarları Orban iqtidarına səs verməyə çağırması burada qlobalistlərin rəsmi Brusellə birgə dəstəklədiyi Tisa partiyasının lideri Peter Madyarovun qələbəsinə mane ola bilməmişdi.
Ermənistanda seçkilərin nəticələrinə Rusiyanın real təsir imkanları isə amerikalı senatorların iddia etdikləri kimi təkcə rəqəmsal informasiya müdaxiləsi deyil, Rusiyanın Ermənistandakı sosial, iqtisadi çəkisi və siyasi təsir imkanlarıdır.
Ermənistanın enerji təhlükəsizliyində Rusiya faktoru, onun kənd təsərrüfatının Rusiya bazarlarından olan asılılığı, ticari münasibətlərin dövriyyəsində Rusiyanın çəkisi, Rusiyada çalışan erməni əsilli qostarbayderlərin seçkilərdə sərgiləyəcəkləri mövqe Rusiyanın bu seçkilərə sosial iqtisadi konteksdə təsir imkanlarına aid edilir. Rusiya ilə müqayisədə AB-nin Ermənistandakı seçkilərə təsir imkanları isə xeyli məhduddur". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31