Aİ sammitində Kiyevə yardım qərarından sonra fikir ayrılıqları üzə çıxdı ÖZƏL
13:30 SiyasətOlaylar.az xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, Avropa İttifaqı sammitində Ukraynaya 90 milyard avro həcmində maliyyə yardımının təsdiqlənməsi qısa müddətli sevinc doğursa da, tezliklə liderlər arasında ciddi fikir ayrılıqları yaranıb.
Məlumata əsasən, maliyyə paketinin qəbulundan sonra Aİ dövlət və hökumət başçıları Ukraynanın quruma üzvlüyü məsələsini müzakirəyə çıxarıblar. Nəşr qeyd edir ki, uzun müddətdir Kiyevin Avropaya inteqrasiyasına qarşı çıxan Macarıstanın baş naziri Viktor Orbanın mümkün istefası Ukraynanın üzvlük perspektivini "daha real" göstərsə də, praktiki baxımdan vəziyyət o qədər də sadə deyil. Bildirilir ki, Xorvatiyanın baş naziri Andrey Plenkoviç Ukraynanın yaxın zamanda Aİ-yə qoşulması ideyasına demək olar ki, istehza ilə yanaşıb. "Politico" vurğulayır ki, son illər Aİ daxilində bir çox məsələlərdə birlik əsasən Orbanın mövqeyinə qarşı formalaşırdı və onun siyasi səhnədən getməsi ilə bu "ortaq cəbhə" görüntüsü də zəifləyə bilər.
Adı açıqlanmayan Aİ rəsmisi nəşrə bildirib ki, Ukraynanın üzvlüyünə qarşı olan liderlər artıq bu məsələdə Orbanın arxasında gizlənə bilməyəcəklər.
Eyni zamanda, sammitin ilk günündə iştirakçılar arasında Aİ çərçivəsində kollektiv müdafiə, ABŞ-ın İrana qarşı müharibəsinin nəticələri və ittifaqın yeni yeddiillik büdcəsi kimi məsələlərdə də vahid mövqe formalaşmayıb.
Kiprdə keçirilən sammitin cümə günü başa çatacağı gözlənilir.