Azərbaycan-Latviya arasında münasibətlər yeni mərhələyə qədəm qoyur ÖZƏL

"Cənab Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat ölkəmizin beynəlxalq əməkdaşlıq siyasətinin ardıcıl və strateji xarakter daşıdığını bir daha aydın şəkildə nümayiş etdirir. Bu səfər Azərbaycan ilə Latviya arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu, mövcud tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün ciddi siyasi iradənin mövcud olduğunu təsdiqləyir". "Olayalar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fatma Yıldırım deyib: "Azərbaycan və Latviya arasında illər ərzində formalaşmış etibarlı tərəfdaşlıq münasibətləri bu gün artıq konkret nəticələr verən əməkdaşlıq modelinə çevrilməkdədir. Xüsusilə Strateji Tərəfdaşlıq haqqında Bəyannamə çərçivəsində qurulmuş hüquqi baza əlaqələrin dayanıqlı inkişafını təmin edən mühüm amillərdəndir. Dövlət başçısının da vurğuladığı kimi, bu çərçivə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır və tərəfləri daha sıx fəaliyyətə təşviq edir.
Qarabağ bölgəsində, xüsusilə Şuşa şəhərində keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclası Azərbaycanın post-münaqişə dövründə regional inkişaf və beynəlxalq əməkdaşlıq istiqamətində atdığı addımların bariz nümunəsidir. Eyni zamanda Azərbaycanın azad edilmiş ərazilərinin beynəlxalq iqtisadi və siyasi proseslərə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və biznes dairələri arasında əlaqələrin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir. Keçirilən biznes forumlar və müzakirə olunan layihələr göstərir ki, hər iki ölkənin iqtisadi potensialı qarşılıqlı faydalı şəkildə reallaşdırıla bilər. Bu baxımdan, ticarət dövriyyəsinin artırılması və birgə istehsal sahələrinin yaradılması real və perspektivli hədəflər kimi çıxış edir.
Humanitar sahədə əməkdaşlıq da xüsusi önəm kəsb edir. Latviyada təhsil alan azərbaycanlı tələbələrin sayı ölkələrimiz arasında mədəni və elmi əlaqələrin inkişaf etdiyini göstərir. Bu gələcək əməkdaşlıq üçün möhkəm sosial baza formalaşdırır.
Eyni zamanda, cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycan regionda sülh və sabitliyin təmin olunması istiqamətində prinsipial və konstruktiv mövqe sərgiləyir. Azərbaycan-Ermənistan münasibətlərində müşahidə olunan müsbət dinamika, dialoq və qarşılıqlı addımlar regionda uzunmüddətli sülhün mümkünlüyünü nümayiş etdirir. Bu yanaşma beynəlxalq hüquqa əsaslanan ədalətli mövqenin təzahürü olmaqla yanaşı, digər münaqişə ocaqları üçün də nümunə təşkil edə bilər.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan-Latviya münasibətləri möhkəm təməl üzərində qurulub və gələcəkdə daha da genişlənərək yeni strateji istiqamətlər üzrə inkişaf edəcək. Bu münasibətlərin əsasında isə qarşılıqlı hörmət, etimad və uzunmüddətli tərəfdaşlıq prinsipləri dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31